SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Hikmət Hacıyev: Zəngəzur dəhlizi layihəsi artıq Bakı üçün cəlbedici deyil

Azərbaycan Respublikası Prezidentinin xarici siyasət məsələləri üzrə köməkçisi bildirib ki, Azərbaycan Süniki tutmaq fikrində deyil və oxşar layihələri İranla da həyata keçirmək mümkündür.
Sputnik
BAKI, 25 oktyabr — Sputnik. "Azərbaycanın Zəngəzurla bağlı ərazi iddiası yoxdur".
Bunu Azərbaycan Prezidentinin köməkçisi - Azərbaycan Prezidenti Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev "Politico" nəşrinə açıqlamasında deyib.
Hikmət Hacıyev bildirib ki, Azərbaycan və Ermənistan Zəngəzur dəhlizini açmaqla bağlı razılığa gələ bilmədiyinə görə, bu layihə Azərbaycan üçün cəlbediciliyini itirib:

"Zəngəzur dəhlizi layihəsi hələ də müzakirə olunur, lakin Ermənista tərəfi bu layihə ilə bağlı həqiqətən maraqlı olduğunu nümayiş etdirməlidir. Zəngəzur dəhlizi layihəsi Bakı üçün artıq cəlbedici deyil. Oxşar layihələri İranla da hazırlamaq olar".

O qeyd edib ki, Naxçıvan Muxtar Respublikasına gediş-gəliş imkanlarını yaxşılaşdırmaq və yüklərin asan daşınması istiqamətində addımlar atılır. Bu məqsədlə İran İslam Respublikası ilə razılıq əldə olunub.
"Bizim gündəliyimiz yalnız ikitərəfli əməkdaşlıq çərçivəsində nəqliyyat əlaqələrinin qurulmasından ibarət idi. Bu məsələ hələ də masa üzərindədir, lakin Ermənistan tərəfinin bu proseslər barədə həqiqətən maraqlandığını göstərməsinə ehtiyac var" - Hacıyev əlavə edib.
Prezidentin köməkçisi vurğulayıb ki, kommunikasiya Zəngəzur dəhlizi əvəzinə İran ərazisindən yaradıla bilər.
Qeyd edək ki, bundan əvvəl Avropanın "Politico" nəşri Amerika diplomatiyasının rəhbəri Antoni Blinkenin konqresmenlərlə görüşündə guya Azərbaycanın Ermənistana mümkün hücumu barədə xəbərdarlıq etdiyi barədə məqalə dərc etmişdi.
Xatırladaq ki, Baş nazirin müavini Şahin Mustafayev oktyabrın 6-da Zəngilanda jurnalistlərə açıqlamasında bildirib ki, Zəngilanın Ağbənd qəsəbəsi yaxınlığında və Naxçıvan ərazisində tikiləcək körpülər vasitəsilə İran ərazisindən keçməklə bağlantı yaradılacaq. Ş.Mustafayev qeyd edib ki, qarşılıqlı razılaşma əldə olunub, körpünün layihəsi hazırlanıb.