CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Hicran Hüseynova: Doğulan uşaqlar arasında cins nisbətinin pozulması bizi narahat edir

Komitə sədri deyib ki, hələ də təhsildən yayınan uşaqlar, o cümlədən qızlar var, onlar bir çox hallarda erkən nikaha məcbur olunur.
Sputnik
BAKI, 25 oktyabr — Sputnik. Azərbaycanda savadlılıq səviyyəsi çox yüksəkdir. Kişilər və qadınlar təhsilin bütün pillələrində bərabər şəkildə fəal iştirak edirlər. Dünyada elm, texnologiya, mühəndislik və riyaziyyat fənləri üzrə təhsil alanların 35 faizi qızlardır. Bizim ölkədə bu rəqəm 40 faizdir, yəni, orta dünya göstəricisindən artıqdır.
Bu sözləri Milli Məclisinin Ailə, qadın və uşaq məsələləri komitəsinin iclasında komitə sədri Hicran Hüseynova deyib.
O bildirib ki, Birinci vitse-prezident Mehriban Əliyeva bu faktı beynəlxalq arenada səsləndirir, diqqəti bu məsələyə yönəldir. Lakin hələ də təhsildən yayınan uşaqlar, o cümlədən qızlar var, onlar bir çox hallarda erkən nikaha məcbur olunur. Bu istiqamətdə tədbir görülməlidir.
"Qız uşaqlarına münasibətdə mövcud ayrı-seçkiliyin qarşısının alınması, doğulan uşaqlar arasında cins nisbətinin pozulması məsələsi bizi narahat edir. Qadın və kişilərin bərabər iştirakçılığı, gender mədəniyyətinin təbliği, gender əsaslı zorakılığın, məişət zorakılığının qarşısının alınması istiqamətində həyata keçirilən layihələr, tədbirlər bir daha göstərir ki, ölkədə gender bərabərliyinin təmin edilməsi ildən-ilə yüksəlir", - deyə komitə sədri qeyd edib.
Qeyd edək ki, bu gün Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin iclasında Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin 2022-ci il üzrə məlumatı müzakirəyə çıxarılıb.