BAKI, 25 oktyabr — Sputnik. Gəncə şəhərində 4 aylıq və 3 yaşlı uşaqların sosial təhlükəli vəziyyətdə olması ilə bağlı kütləvi informasiya vasitələrində yayılan məlumat Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) Uşaq hüquqlarının müdafiəsi mandatı çərçivəsində araşdırılaraq nəzarətə götürülüb.
Bu barədə Ombudsman Aparatından məlumat verilib.
Ombudsmanın Qərb Regional Mərkəzinin əməkdaşları Gəncə Şəhər Birləşmiş Uşaq Xəstəxanasına gətirilmiş həmin uşaqları tibb müəssisəsində ziyarət edərək, səhhətləri, tibbi sənədləri və ümumi vəziyyətləri ilə yerində maraqlanıblar. Ziyarət zamanı uşaqların vəziyyətinin stabil və normal olduğu müşahidə edilib.
Xəstəxanadan verilən məlumata əsasən uşaqlar himayəsində olduqları nənələri tərəfindən Gəncə Şəhər İcra Hakimiyyətinin inzibati binasının qarşısında tərk edilib və onlar həmin gün polis tərəfindən xəstəxanaya gətiriliblər. Xəstəxanada uşaqlardan müxtəlif analizlər götürülərək zəruri tibbi xidmətlər göstərilib, sağlamlıq vəziyyətləri nəzarətdə saxlanılıb.
Məsələ ilə bağlı Gəncə Şəhər İcra Hakimiyyətinin Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyası və Gəncə Şəhər Baş Polis İdarəsindən uşaqların hüquqlarının təmini, onların himayə məsələsinin həll edilməsi məqsədilə görülən və planlaşdırılan tədbirlər barədə məlumat alınıb. Hazırda qeyd olunan faktla bağlı İdarə tərəfindən araşdırma davam etdirilir.
Uşaqların hüquqlarının təmini vəziyyəti tərəfimizdən diqqətdə saxlanılacaq.
11:28
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Gəncədə azyaşlıların küçəyə atılması ilə bağlı araşdırmalara başlayıb.
Dövlət Komitəsindən bildirilib ki, aidiyyəti dövlət qurumları məsələni nəzarətə götürüb.
Qeyd olunub ki, uşaqları küçəyə atan nənə ilə əlaqə saxlanılıb. Nənənin sözlərinə görə, onların anası narkotik aludəçisidir və tüfeyli həyat tərzi keçirir. Nənə qəyyumluqdan imtina edərək uşaqları Gəncə Şəhər İcra Hakimiyyətinin qarşısına qoyub və oranı tərk edib. Hazırda uşaqlar xəstəxanaya yerləşdirilib, İcra Hakimiyyəti tərəfindən uşaqlar barədə məlumat Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan Sosial Xidmətlər Agentliyinin alt sisteminə yerləşdirilib.
"Əməkdaşlar tərəfindən yataqxanada yaşayan ailəyə baxış keçirilib, uşaqların vəziyyəti qiymətləndirilib, ananın narkotik aludəçisi olduğu təsdiqlənib. Hazırda uşaqlar xəstəxanada müayinədən keçib müvafiq müalicə alırlar, komissiya tərəfindən uşaqlara geyim və qida ilə bağlı lazımi dəstək göstərilir. Həftənin sonu 4 aylıq körpə Bakıda yerləşən körpələr evinə, 3 yaşlı uşaq isə Gəncə uşaq evinə yerləşdiriləcək", - qurumdan bildirilib.
Qeyd edək ki, 21.10.2023-cü il tarixində saat 12:45 radələrində Gəncə Şəhər İcra Hakimiyyətinin nümayəndələri tərəfindən Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdindəki Uşaq Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə 2 uşaq - 2 yaşlı Cəlilov Miryusif Həsən oğlu və onun 4 aylıq bacısı Cəlilova Mələk Həsən qızı gətirilib. TƏBİB-dən bildirilib ki, onlara zəruri tibbi xidmətlər göstərilib. Hazırda tibb müəssisəsinin Pediatriya şöbəsində müalicələri davam etdirilir. Vəziyyətləri stabildir.