RUSİYA

Fobiyalar yaratmaq Qərb təbliğatının sevimli üsuludur - Rusiya XİN

Rusiya XİN rəsmisi bildirib ki, ABŞ və Aİ Yaxın Şərqdə baş verən faciəvi hadisələrə görə məsuliyyət daşıyır.
Sputnik
BAKI, 25 oktyabr — Sputnik. Avropa İttifaqının Ukrayna mövzusunu Fələstin-İsrail münaqişəsi ilə əlaqələndirmək cəhdləri Kiyevə gələcək yardıma haqq qazandırmaq məqsədi daşıyır. Bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.
"Aydındır ki, Ukrayna məsələsini Fələstin-İsrail münaqişəsi ilə əlaqələndirmək cəhdləri həm də Aİ-nin korrupsioner Kiyev hakimiyyətinə növbəti yardıma haqq qazandırmaq və onların Rusiya ilə qarşıdurmasını uzatmaq məqsədi güdür. Sonsuz yardımdan yorulan Avropa əhalisi arasında öz ölkələrinin rəhbərliyinin xarici siyasət macəralərı, Aİ iqtisadiyyatının hərbiləşdirilməsi üçün vətəndaşların cibindən əlavə resurslar çıxarmaq məqsədi ilə qarşıdurma planlarının həyata keçirilməsi ilə süni şəkildə fobiyalar yaratmaq Qərb təbliğatının sevimli üsuludur. Bundan da əsas faydalanan tərəf yenə də ABŞ hərbi sənayesi olacaq" - Zaxarova bildirib.
Onun sözlərinə görə, Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayen hesab edir ki, istənilən problemdə "Rusiya izini" axtarmaq lazımdır. "Ursula fon der Leyenin bəyanatları millətçilik və ksenofobiyanın ifrat formasının təzahürüdür, dinlərarası və millətlərarası nifrətin qızışdırılmasına yönəlmiş təxribatdır", - Zaxarova əlavə edib.
O, həmçinin bildirib ki, ABŞ və Aİ Yaxın Şərqdə baş verən faciəvi hadisələrə görə məsuliyyət daşıyır. "Vaşinqton və Brüssel faktiki olaraq Fələstin istiqamətində beynəlxalq səylərə mane olurlar, öz geosiyasi ambisiyalarına Yaxın Şərq nizamlanmasına dəstək üçün hamılıqla tanınan yeganə çoxtərəfli mexanizmin işini qurban verdilər", - deyə diplomat fikirlərini yekunlaşdırıb.