DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Ərdoğan İsrailə səfərini ləğv edib: Netanyahunun əlini sıxmışdım, bizi təhqir etdilər

Ərdoğan qeyd edib ki, Türkiyə HƏMAS-ı terror təşkilatı hesab etmir və Fələstin-İsrail gərginliyini həll etmək üçün təcili sülh konfransı çağırılmalıdır.
Sputnik
BAKI, 25 oktyabr — Sputnik. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İsrailə səfərini ləğv edib.
Bu barədə, Ərdoğan partiyasının Türkiyə Böyük Millət Məclisindəki qrup toplantısında çıxışı zamanı bildirib.
O, buna səbəb kimi İsrailin Qəzza zolağında keçirdiyi əməliyyatı göstərib.
Ərdoğan qeyd edib ki, İsrail Qəzzanın bombalanmasını dayandırmalı, Misirlə sərhəddə humanitar qapını açıq tutmalı və əsirlərin buraxılması üçün danışıqlar sürətlənməlidir.

"Həyatımda bir dəfə Netanyahu adlı bir adamla əl sıxışdım. Bizim yaxşı niyyətimiz var idi, amma bizi təhqir etdilər", - Türkiyə lideri vurğulayıb.

O həmçinin deyib: "Bizim İsrailə getmək planımız var idi, lakin biz onu ləğv etdik və getməyəcəyik".
Rəcəb Tayyib Ərdoğan bütün ölkələri İsrail dövlətini ağlının dərk edəcəyi yola qaytarmaq üçün Netanyahu hökumətinə təzyiq göstərməyə çağırıb.
Türkiyə lideri Fələstin-İsrail gərginliyini həll etmək üçün təcili sülh konfransı çağırmaq təşəbbüsü ilə də çıxış edib.
Türkiyə lideri həmçinin qeyd edib ki, Türkiyənin İsraillə heç bir problemi yoxdur, lakin fələstinlilərə qarşı siyasətindən razı deyil.
Rəcəb Tayyib Ərdoğan həmçinin Türkiyənin HƏMAS-ı terror təşkilatı hesab etmədiyini bildirib.
Xatırladaq ki, oktyabrın 7-də səhər saatlarında Fələstinin HƏMAS hərəkatının hərbi qanadının elan etdiyi Əl-Əqsa tufanı əməliyyatı çərçivəsində İsrail Qəzza zolağından görünməmiş raket hücumuna məruz qalıb. Buna cavab olaraq İsrail Müdafiə Qüvvələri Qəzza zolağında HƏMAS-a qarşı Dəmir Qılınclar əməliyyatına başlayıb. Hücumdan bir neçə gün sonra İsrail hərbçiləri Qəzza sərhədi yaxınlığındakı bütün yaşayış məntəqələrini nəzarətə götürüb və hədəflərə, o cümlədən mülki şəxslərə hava zərbələri endirməyə başlayıb. İsrail həmçinin Qəzza zolağının tam blokadaya alındığını elan edib: su, qida, elektrik, dərman və yanacaq tədarükü dayandırılıb.
Rusiya Xarici İşlər Nazirliyi tərəfləri hərbi əməliyyatları dayandırmağa çağırıb. Rusiya prezidenti Vladimir Putin bildirib ki, Yaxın Şərq böhranının həlli yalnız BMT Təhlükəsizlik Şurası tərəfindən təsdiq edilmiş və Fələstin daxilində müstəqil Fələstin dövlətinin yaradılmasını nəzərdə tutan "iki dövlət" formuluna əsasən mümkündür.
Tərəflərin ərazi maraqları ilə bağlı Fələstin-İsrail münaqişəsi uzun onilliklər ərzində regionda gərginlik və toqquşma mənbəyi olub. 1947-ci ildə SSRİ-nin fəal rolu ilə BMT-nin qərarı iki dövlətin - İsrail və Fələstinin yaradılmasını müəyyən etdi, lakin yalnız İsrail dövləti yaradıldı. İsrail iki dövlət prinsipi ilə razılaşdığını bəyan etməklə yanaşı, Fələstin torpaqlarını tam azad etməyib.