MƏDƏNİYYƏT

Bakıdakı Rus evində Arif Məlikova həsr olunmuş konsert keçiriləcək

Tədbir Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyası və Bakıdakı Rus evi tərəfindən birgə təşkil olunub.
Sputnik
BAKI, 25 oktyabr — Sputnik. Bakıdakı Rus evində oktyabrın 27-də saat 19:00-da görkəmli Azərbaycan bəstəkarı, SSRİ Xalq artisti Arif Məlikovun 90 illik yubileyinə həsr olunmuş konsert keçiriləcək. Tədbir Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyası (BMA) və Bakıdakı Rus evi tərəfindən birgə təşkil olunub.
Rusiya İnformasiya-Mədəniyyət Mərkəzindən bildiriblər ki, bayram tədbirində tamaşaçılar Xalq artistinin yaradıcılıq fəaliyyətinin xüsusiyyətləri ilə tanış olmaq fürsəti əldə edəcək, Azərbaycan Respublikasının Əməkdar artisti Aleksey Miltıxın, Azərbaycan Dövlət Akademik Musiqili Teatrının solisti Yuliya Heydərovanın, Qara Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestrinin solisti Renata Əbubəkirovanın, sənətşünaslıq üzrə fəlsəfə doktoru, BMA-nın müəllimi Nərgiz Kəngərlinin, BMA-nın məktəb-studiyasının müəllimləri Ofeliya Axundova və Nuranə Zeynalovanın, beynəlxalq müsabiqələr laureatı Emil Malıginin, eləcə də Bülbül adına orta ixtisas musiqi məktəbinin şagirdi Rəna Mirağayevanın və konsertmeyster Sevinc Kərimovanın ifasında Arif Məlikovun musiqi incilərindən zövq alacaqlar.
Tədbir çərçivəsində Aytən İbrahimovanın bəstəkarın yaradıcılığına həsr olunmuş tədqiqatının təqdimatı təşkil olunacaq.
Tədbirin aparıcıları və kuratorları BMA-nın orta-ixtisas məktəb-studiyasının elmi-metodiki iş üzrə direktor müavini, sənətşünaslıq üzrə fəlsəfə doktoru Aytən İbrahimova və sənətşünaslıq üzrə fəlsəfə doktoru, BMA-nın baş müəllimi Alyona İnyakinadır.