BAKI, 25 oktyabr — Sputnik. Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə köçən əhalinin 70%-nin məşğulluğu təmin edilib.
Bunu Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev "Qarabağ KOB-ları" layihəsinin təqdimatında bildirib.
"Köç edən vətəndaşlarımızın məşğulluğunun təmin edilməsi əsas hədəflərimizdəndir. Bu proses davam edəcək. Əhalinin əsas qisminə məşğulluq proqramları xitab etməlidir", - deyə o qeyd edib.
Nazir əlavə edib ki, hökumətin siyasətinin əsas xətlərindən biri "Böyük Qayıdış" proqramının həyata keçirilməsidir: "30 illik işgaldan sonra ordumuz, xalqımız Ali Baş Komandanın ətrafında birləşərək torpaqları azad etdi. Bizim qarşımızda duran ən böyük missiya həmin əraziləri Azərbaycanın ən gözəl, inkişaf edən, çiçəklənən guşəsinə çevirməkdir. Bu istiqamətdə "Böyük Qayıdış" proqramı uğurla icra edilir. Həmin ərazilərə əhali köçürülür. İlin sonuna qədər vətəndaşların köçü planlaşdırılır".
Xatırladaq ki, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusu Ermənistanın ardıcıl təxribatlarının və yeni işğal planlarının qarşısını almaq, işğal altında olan torpaqlarımızı azad etmək məqsədilə 2020-ci il sentyabrın 27-dən etibarən başladığı zəfər yürüşündə inanılmaz uğurlar əldə edib.
44 gün sürən hərbi əməliyyatlar nəticəsində rəşadətli Azərbaycan Ordusu tərəfindən Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı şəhərləri, Zəngilan rayonunun Mincivan, Ağbənd, Bartaz qəsəbələri, Xocavənd rayonunun Hadrut qəsəbəsini və bir çox kəndləri, Tərtər rayonunun Suqovuşan kəndi, Xocalı və Laçın rayonlarının bir neçə kəndləri daxil olmaqla, ümumilikdə, 300-dən çox yaşayış məntəqəsi, o cümlədən Ağdərə, Murovdağ və Zəngilan istiqamətlərində mühüm strateji yüksəkliklər işğaldan azad edilib.
Noyabrın 8-də 28 illik həsrətdən sonra Azərbaycan xalqı üçün böyük əhəmiyyət kəsb edən və rəmzi məna daşıyan Şuşa şəhəri işğaldan azad edilib. Qarabağın tacı olan Şuşa şəhərinin azad edilməsi dünya hərb tarixinə düşəcək unikal hərbi əməliyyatlardan olub.
Azərbaycanın hərbi sahədə qazandığı qələbələr, xüsusilə Şuşanın düşmən işğalından qurtarılması müharibənin taleyində həlledici rol oynamışdır. Bütün bunlar Ermənistanın öz məğlubiyyətini etiraf etməsi və kapitulyasiyası ilə nəticələnib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2020-ci il 3 dekabr tarixli Sərancamı ilə xalqımızın qüdrətinin və milli qürurumuzun təntənəsinə çevrilən, dövlətimizin nüfuzu və gələcək inkişafı baxımından müstəsna əhəmiyyət kəsb edən bu misilsiz qələbənin əbədiləşdirilməsi məqsədilə hər il noyabrın 8-i Azərbaycan Respublikasında Zəfər Günü kimi təntənəli şəkildə qeyd edilməsi qərara alınıb.
Əlavə edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 15-də Xankəndi, Xocalı, Xocavənd, Ağdərə və Əsgəranda Azərbaycan Respublikasının Dövlət Bayrağını ucaldıb.