CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

"Badara sakinləri qardaşımı yandıraraq öldürüblər" - Xaçaturyanın məhkəməsindən

Meşəli soyqırımı ilə bağlı beynəlxalq axtarışda olan Ermənistan vətəndaşı Xaçaturyan Vaqif Çerkezoviç bu ilin iyulunda Laçın sərhəd-keçid məntəqəsində saxlanılıb.
Sputnik
BAKI, 24 oktyabr - Sputnik. Xocalı rayonunun Meşəli kəndində soyqırımı törətməkdə təqsirləndirilən Xaçaturyan Vaqif Çerkezoviçin bu gün cinayət işi üzrə məhkəmənin növbəti iclası keçirilib. Cinayət işinə Yasamal rayon Məhkəməsinin inzibati binasında baxılıb. Bakı Hərbi Məhkəməsinin sədri Zeynal Ağayevin sədrliyi ilə keçirilən prosesdə zərərçəkənlər ifadə veriblər. Məhkəmənin işində fasilə elan olunub. Məhkəmə iclası sabah saat 11.00-da davam etdiriləcək.
Zərərşçəkmiş Cəbiyev Qərib ifadəsində bunları bildirib:

"Atam təzə evə daxil olmuşdu ki, hücum başlandı. Azyaşlı olduğum üçün bu dəhşət yadımdan çıxmır. Hər tərəfdən kənd atəşə tutulurdu. Bunlar kənd camaatının mal mülkünü talan edirdilər. Mənim atam Meşəli faciəsini törədənlərin hamısını tanıyırdı. Milli Qəhrəman Kamil Eyyubov bu hadisələr zamanı bizim kənddə şəhid oldu. Şəxsən öz gözümlə kəndimizin talan edilməsini görmüşəm".

Digər zərərçəkmiş Allahverdiyev Camal isə ifadəsində bunları dilə gətirib:

"Silahsız idik. Qardaşımı yandıraraq öldürüblər. Bunu edən Badara sakinləri idi. Badara camaatı mal qaramızı oğurlayırdı. Mən Vaqifi tanımıram. Hadisə şahidləri bu faciəni törədənlər içində Vaqifin adını çəkirdilər. Hər gün Meşəlinin müdafiəsində iştirak etmişəm. Deyirdilər ki, Vaqifin dəstəsi kəndə hücum edib. Xaçaturyan bizim yerləri, camaatı yaxşı tanıyırdı. Qardaşım Allahverdiyev Vidadi həmin hadisələrdə şəhid olub. Körpə qardaşım qızı həlak olub. Mən istəyərəm ki, bunların törətdiyi cinayətlərə qarşılıq ömürlük həbs verilsin".

***
Məhkəmədə zərərçəkmiş qismində ifadə verən Mehralıyeva Ziba bildirib ki, səhər radələrində Meşəli kəndi ermənilər tətəfindən güllə-borana tutulub.

"Biz ermənilərə heç bir pislik etməmişdik. Hadisə zamanı mən də ziyan çəkdim. Bədənimin müxtəlif nahiyələrindən yaralandım. Bunlar çörəyimizi yeyib bizə düşmən kəsildilər. Meşəli faciəsini törədənlər arasında bu Vaqifin, Armayisin, Ernestin, Armenin adı çəkilirdi. Bunu edənlər kəndimizdə işləyən, gedib gələn ermənilər idi", - deyə Z.Mehralıyeva ifadəısində bildirib.

Digər zərərçəkmiş Mehralıyev Çərkəz isə ifadəsində belə deyib:
"Rəhmətlik anam bu Vaqifi kəndimizə hücum edərkən görüb".
Onun sözlərinə görə, hadisə baş verən gün kənddə olub.

"Ailə üzvlırim hücum zamanı xəsarət almışdı. Camaat bilirdi ki, bizə hücum etməyə çalışırlar. Bizdən bütün silahlar yığılmışdı. Badaradan olan ermənilərin bizə nifrətin kökündə Qarabağ ələ keçirmək istəyi dayanırdı. O burada elədiklərini dana bilər. Amma onun o hadisələrdə iştirak etməməsi mümkünsüz idi", - deyə zərərçəkmiş ifadəsində bildirib.

Müttəhim Xaçaturyan isə bildirib ki,həmin ilin mayın 15-də tutuluub və bir ay Şuşa "türmə"sində qalıb. Daha sonra o, "türmə"dən çıxandan sonra heç bir hadisəyə qarışmadığını dilə gətirib.
Daha sonra Xaçaturyan ermənilərin törətdiyi bu hadisəyə görə üzr istəyib.
***
Zərərçəkmiş Rəhimova Bəyim ifadəsində bildirib ki, səhərə yaxın ermənilərin kəndə hücumuna yuxudan oyanıblar:
"Bu hücum zamanı mən və qardaşım yaralandıq. Əvvəllər də kəndimizin sakinlərinə hücumlar edirdilər. Meşəli faciəsi zamanı evlərin əksəriyyəti ziyan görmüşdü. Onlar kəndimizi hər tərəfdən mühasirəyə almışdılar. Güllələr üzərimizə yağış kimi yağırdı".
Daha sonra zərərçəkmiş bunları deyib:

"Biz bilirdik ki, Daşbulaq və Badara erməniləri bizə nifrət edirlər. Yaralanan azərbaycanlılar bu faciəni törədənlər içində Vaqifin adını çəkirdilər. Ən ağır cəza verilməsini istəyirik", - deyə zərərçəkmiş bildirib.

***
Zərərçəkmiş Alışov Alış ifadəsində bildirib ki, Meşəli hadisələri zamanı Vaqif Xaçaturyan və mindən çox digər adamın kəndə hücum etdiyinin şahidi olub.

"Elə bildik ki, bütün Badara kəndi bizim kəndə hücum edir. Mən onların cinayətlərinə şahid olmuşam. Vaqif də, onun qardaşı da törədilmiş faciənin iştirakçılarıdır. Mən o vaxtlar məktəb direktoru idim. Qəniməti öldürəndə sən orda idin", - deyə zərərçəkmiş bildirib.

Müttəhim Vaqif Xaçaturyan isə qeyd olunan hadisə zamanı orada olmadığını bildirib.
"Bu çox ağır faciədir. Qarabağda baş verən ilk böyük faciə Meşəlidən başladı. Mən Vaqif Xaçaturyana ən ağır ən ağır cəza verilməsini istəyirəm", - deyə zərərçəkmiş sözünü bitirib.
Dövlət ittihamçısı Xaçaturyana sual ünvanlayıb ki, Badara erməniləri baş verənlərlə bağlı ona nə deyiblər.
Xaçaturyan isə cavabında bunları deyib:
"Bizim kəndin camaatı, çoxusu baş verənlərdən xəbərsiz olub. Bu hadisəni törədənlər xüsusi qrup idi və gecə ilə kəndə gəlmişdilər. Biz azərbaycanlılarla çox yaxşı münasibətdə olmuşuq. O hadisələri törədən adam mən deyiləm".
***
Qanunsuz erməni silahlı birləşmələrinin tərkibində Xocalı rayonunun Meşəli kəndində soyqırımı törətməkdə təqsirləndirilən Xaçaturyan Vaqif Çerkezoviçin cinayət işi üzrə məhkəmənin növbəti iclası keçirilir.
***
Xocalı rayonunun Meşəli kəndində soyqırımı törətməkdə təqsirləndirilən Xaçaturyan Vaqif Çerkezoviçin bu gün cinayət işi üzrə məhkəmənin növbəti iclası keçiriləcək. Cinayət işinə Yasamal rayon Məhkəməsinin inzibati binasında baxılacaq.
Bakı Hərbi Məhkəməsinin sədri Zeynal Ağayev məhkəmə iclasına sədrlik edəcək.
Cinayət işi üzrə məruzəçi hakim Camal Ramazanovdur.
Qeyd edək ki, Meşəli soyqırımı ilə bağlı beynəlxalq axtarışda olan Ermənistan vətəndaşı Xaçaturyan Vaqif Çerkezoviç bu ilin iyulunda Laçın sərhəd-keçid məntəqəsində saxlanılıb. Onun üzv olduğu cinayətkar dəstə dekabr ayında Xocalı rayonunun Meşəli kəndində 25 nəfər azərbaycanlını öldürüb, 14 nəfərə xəsarət yetirib, 358 nəfər azərbaycanlını isə qanuni yaşadıqları yerdən didərgin salıblar. Ona qarşı Cinayət Məcəlləsinin 103-cü (Soyqırımı-hər hansı milli, etnik, irqi və ya dini qrupu, bir qrup kimi bütövlükdə və ya qismən məhv etmək məqsədilə qrup üzvlərini öldürmə, qrup üzvlərinin sağlamlığına ağır zərər vurma və ya onların əqli qabiliyyətinə ciddi zərər vurma) və 107-ci (Əhalini deportasiya etmə və ya məcburi köçürmə-əhalini qanuni yerləşdiyi yerlərdən başqa ölkəyə qovma və ya digər məcburi hərəkətlərlə didərgin salma) maddələri ilə ittiham elan olunub, barəsində həbs qətimkan tədbiri seçilib.
Cinayət işi üzrə 59 nəfər zərərçəkmiş qismində tanınıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.