BAKI, 24 oktyabr — Sputnik. Korsika xalqının öz milli kimliyinin bərpa edilməsi, fundamental hüquq və azadlıqlarının təmin olunması istiqamətində mübarizəsinə dəstək məqsədilə Azərbaycan Respublikası Milli Məclisində yeni qrup yaradılıb.
Milli Məclisdən verilən məlumata görə, dəstək qrupunun məqsədi Korsika xalqının haqlı tələblərinin beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılması, Fransa müstəmləkəçiliyinin dağıdıcı təsirlərinə qarşı mübarizəsi uğrunda beynəlxalq səylərin birləşdirilməsidir.
Qrupa Milli Məclisin deputatları Tural Gəncəliyev, Cavanşir Feyziyev, Şahin İsmayılov və Azər Kərimli daxildir.
Korsika haqqında...
Korsika xüsusi koloritə malik, az öyrənilmiş bölgədir. Lakin onun füsunkar mənzərələrinin arxasında xalqın narazılığı gizlənir. 1970-ci illərin ortalarından ada üçün daha böyük muxtariyyət axtaran korsikalı qruplar şiddətlə döyüşüb, Fransa işğalının simvolu sayılan polis məntəqələrini və inzibati binaları partladıblar. 2014-cü ildə fəallar silahlarını yerə qoysalar da, yerli əhalinin dil, mədəniyyət və kimliklərinə qarşı ayrı-seçkilikdən şikayətləndiyi üçün adada iğtişaşlar səngimir. Lakin onların tələblərinin heç biri, o cümlədən Korsika dilinə rəsmi statusun verilməsi indiyə qədər Fransa hökuməti tərəfindən nəzərə alınmayıb. Əksinə, son qərarı ilə rəsmi Paris etnik azlığın hüquqlarını heçə saydığını göstərdi.
1990-cı il Paris Xartiyasında "milli azlıqlara mənsub şəxslərin hüquqlarına Ümumdünya İnsan Hüquqlarının bir hissəsi kimi tam riayət edilməlidir" deyildiyi halda, korsikalıların ictimai həyatda əsas azadlıqları həyata keçirməsi çətindir. Çünki Fransa hökuməti, demək olar ki, həmişə ada sakinlərinin istəklərinə kobud güclə cavab verir. Bu, gərginliyin və zorakılığın artmasına səbəb olur. Sonuncu dəfə belə hadisələr 2022-ci ilin martında baş verib. Tənqidçilər tez-tez etirazçıların qeyri-qanuni saxlanmasına və Fransa hakimiyyətinin həbsxanalarda fiziki güc tətbiqinə, öldürülməsinə və şikəst edilməsinə işarə edirlər. Adanın yerli sakinlərinin iztirabları 2022-ci il dekabrın sonunda azərbaycanlı deputatların Fransanı korsikalıların hüquqlarını dəfələrlə pozduğuna görə qınayanda bir daha qeyd olunub.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.