BAKI, 24 oktyabr - Sputnik. Bakının Səbail rayonunda tarixi memarlıq abidəsi kimi qeydiyyatda olan doğum evinə qanunsuz müdaxilənin qarşısı alınıb. Artıq “Kliniki Tibbi Mərkəz” publik hüquqi şəxsin tabeliyində olan Şamama Ələsgərova adına 5 nömrəli Kliniki Doğum Evinin damında və mərtəbələrində aparılmış qanunsuz müdaxilə aradan qalxıb. Sputnik Azərbaycan-ın hadisə yerində olan müxbirinin verdiyi məlumata görə, binanın damında yeni quraşdırılmış çardaq dağıdılıb. Binanın nəzarətçisi Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, hələ ki, tikinti işləri binanın tarixi əhəmiyyəti nəzərə alınaraq dayandırılıb. Müvafiq tapşırıqlar verildikdən sonra binanın tarixiliyi qorunmaqla təmir, restavrasiya işləri davam etdiriləcək.
Qeyd edək ki, bu barədə dünən sosial şəbəkələrdə məlumat paylaşılıb.
Bildirilib ki, “Kliniki Tibbi Mərkəz” publik hüquqi şəxsin tabeliyində olan Şamama Ələsgərova adına 5 nömrəli Kliniki Doğum Evinin damına və mərtəbələrinə qanunsuz müdaxilə edilib.
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən Sputnik Azərbaycan-a verilən məlumata görə, Kliniki Tibbi Mərkəz” publik hüquqi şəxsin tabeliyində olan Şamama Ələsgərova adına 5 nömrəli Kliniki Doğum Evinin əsaslı təmiri işlərinin satın alınması məqsədilə 06.06.2023-cü il tarixində İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi (Agentlik) tərəfindən “Dövlət satınalmaları haqqında” Qanunun 50-1.1-ci maddəsinə əsasən dövlət satınalmalarının vahid internet portalında (etender.gov.az) açıq tenderin keçirilməsi barədə elan verilib:
Agentlikdən əlavə edilib ki, təsdiq edilmiş layihə sənədlərinə əsasən binanın xarici görünüşünə xələl gətirilməməklə obyektin istismar müddətinin uzadılması və (və ya) istismar keyfiyyətinin yaxşılaşdırılması nəzərdə tutulub.
Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin sözçüsü Fariz Hüseynli Sputnik Azərbaycan-a açıqlamasında bildirilib ki, 3311 inventar nömrəli yerli əhəmiyyətli memarlıq abidəsi “Kliniki Tibbi Mərkəz” publik hüquqi şəxsin tabeliyində olan Şamama Ələsgərova adına 5 nömrəli Kliniki Doğum Evinin söküləcəyi ilə bağlı sosial şəbəkələrdə yayılan məlumatlar həqiqəti əks etdirmir:
Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Ümumi işlər və ictimaiyyətlə əlaqələr şöbəsinin müdir müavini-sektor müdiri Ramiz İdrisoğlu Sputnik Azərbaycan-a bildirilib ki, Səbail rayonu, Bayıl qəsəbəsi, Neftçi Qurban küçəsi, 93 ünvanında yerləşən 1930-cu ilə aid, inventar nömrəsi 3311 olan yerli əhəmiyyətli memarlıq abidəsinə baxış keçirilib:“Şamama Ələsgərova adına 5 nömrəli Kliniki Doğum Evi Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) balansındadır. TƏBİB-in sifarişi ilə binada əsaslı təmir və yenidənqurma işləri həyata keçirilir. Binaya baxış zamanı müvafiq xəbərdarlıq edilib, binanın dam və mərtəbələrində aparılan yenidənqurma işləri dayandırılıb”.
Qeyd edək ki, bina II Dünya müharibəsinə qədər şəhər mətbəxi kimi istifadə edilib. II Dünya müharibəsi dövründə bina təxliyə hospitalı kimi istifadə olunmağa başlayıb. 1946-cı ildən Azərbaycan SSR Səhiyyə Nazirliyinin tabeliyinə verilərək Nadejda Krupskaya adına 5 saylı Doğum Evi kimi tanınıb.