TƏHSİL

10-cu sinif şagirdlərinin məktəbini dəyişmək çətinləşdi - Nazirliyin yeni tələbi nədir?

Osman Gündüz deyib ki, Nazirlik bunu ali məktəblərə daha rahat hazırlaşmaq üçün oxuduğu məktəbdən çıxan, dərslərə getməmək şərtilə adını rayon məktəblərinə yazdırmaq istəyənlərin qarşısı almaq üçün edib.
Sputnik
BAKI, 24 oktyabr — Sputnik. Milli İnternet Formunun rəhbəri Osman Gündüz şagird yerdəyişməsində tətbiq edilən yeniliyə diqqət çəkib. Sputnik Azərbaycan-ın məlumatına görə, O. Gündüz bununla bağlı sosial şəbəkə hesabında paylaşım edərək Elm və Təhsil Nazirliyinin yeniliyi barədə valideynləri xəbərdar edib. O, bildirib ki, 10-cu siniflər üzrə şagird yerdəyişməsi zamanı valideynlər məktəb yerdəyişməsini əsaslandırmalıdırlar.
"Elm və Təhsil Nazirliyi yenidən onlayn formada şagird yerdəyişməsinə start verib. Proses sy.edu.az elektron sistemi üzərindən valideynlərin onlayn məktəb seçimi ilə həyata keçirilir. Bu, Nazirliyin ən faydalı rəqəmsal xidmətlərindən biridir. Nazirlik bu rəqəmsal həll vasitəsilə həm də bu prosesdə olan neqativlərin qarşını almağı hədəfləyib. Məhz bu səbəbdən 9-cu sinfədək avtomatik olaraq reallaşan bu e-xidmət 10-cu siniflər üzrə yerdəyişmədə iki mərhələyə bölünür. Belə ki, bu siniflər üçün valideynlər əlavə sənədlər yükləməklə seçimi əsaslandırmalıdırlar. Nazirlik bunu ali məktəblərə daha rahat hazırlaşmaq üçün oxuduğu məktəbdən çıxan, dərslərə getməmək şərtilə adını rayon məktəblərinə yazdırmaq istəyənlərin qarşısı almaq üçün edib. Hansı ki, bu, son zamanlaradək bəzi direktorların əsas gəlir mənbəyinə çevrilmişdi", - deyə O. Gündüz bildirib.
Osman Gündüz belə bir fakta da diqqəti çəkib. O, bildirib ki, ötən il Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı Orxan Mürsəlov rayon məktəblərində şagirdlərin dərsə davamiyyəti və dərs prosesinin hansı səviyyədə təşkil edilməsini öyrənmək məqsədilə Arıqıran kənd tam orta məktəbində olub: "Gədəbəyin icra başçısı Arıqıran kənd məktəbinin 201 şagirdindən 11-ci sinif üzrə 55 şagirdin heç birinin məktəbdə olmadığını vurğulamışdı. O zaman bu kənd məktəbinin az qala 30%-nin 11-ci sinifdə oxuması diqqət çəkmişdi. Şübhələnmək üçün əsaslar yaranmışdı ki, bu kənd məktəbinə kənardan şagird miqrasiyası baş verib, daha doğrusu şagirdlərin özünün yox, onların adlarının bu məktəbə miqrasiyası olub. Ümumiyyətlə, görünən odur ki, hazırda ETN-nin, bütövlükdə hökumətin əlində yetərincə data formalaşıb ki, bununla da dövlət nəzarətini və ictimai nəzarəti, şəffaflığı daha effektiv təmin etmək mümkündür. Nazirliyin Ümumi Təhsil İnformasiya Sisteminin tərkib hissəsi olan sy.edu.az resursu da ölkə üzrə şagird miqrasiyasına nəzarət etmək üçün əhəmiyyətli bir rəqəmsal həlldir".
Xatırladaq ki, bu gündən 2-11-ci sinif şagirdlərinin elektron yerdəyişməsi prosesinə start verilir.Eyni zamanda müxtəlif səbəblərdən 10-cu siniflərə qeydiyyat üçün gecikən şagirdlər də oktyabrın 23–31-i tarixlərində ümumi təhsil müəssisələrinə qəbul üçün müraciət edə bilərlər. Qeyd edək ki, 10-cu siniflərə şagirdlərin qəbulu da şagird yerdəyişməsi elektron sistemi (www.sy.edu.az) vasitəsilə aparılacaq.