DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Türkiyənin haker qrupu İsrail Müdafiə Nazirliyinin məlumatlarını ələ keçirib

TGRT Haber telekanalı iddia edir ki, haker qrupunun hədəfləri İsraildəki mübadilə sistemləri, elektrik infrastrukturu və bəndlərdir.
Sputnik
BAKI, 23 oktyabr — Sputnik. Türkiyənin "Ayyıldız Tim" haker qrupu İsrail Müdafiə Nazirliyinin sisteminə giriş əldə etdiyini, təlimlər və İsrail hərbi idarəsinin şəxsi heyəti haqqında məlumatların ələ keçirdiyini iddia edir,. Bu barədə TGRT Haber telekanalı xəbər verir.
Qrup məlumatların bir qismini "X" sosial şəbəkəsində paylaşıb.
"İsrail Müdafiə Nazirliyinə aid çox məxfi hərbi, təlim və şəxsi heyətin məlumatları Ayyıldız Tim tərəfindən sındırılaraq ələ keçirilib. Türklərin gücünü görəcəksiniz! Biz səssizcə keşikdəyik!" - qrupun bəyanatında deyilir.
Bu arada TGRT Haber telekanalı iddia edir ki, haker qrupunun hədəfləri İsraildəki mübadilə sistemləri, elektrik infrastrukturu və bəndlərdir.
Oktyabrın 7-də səhər saatlarında Fələstinin HƏMAS hərəkatının hərbi qanadının elan etdiyi Əl-Əqsa tufanı əməliyyatı çərçivəsində İsrail Qəzza zolağından görünməmiş raket hücumuna məruz qalıb. Bundan əlavə, kütləvi raket hücumlarından sonra təşkilatın qırıcıları İsrailin cənubundakı sərhəd bölgələrinə daxil olub. Buna cavab olaraq İsrail Müdafiə Qüvvələri Qəzza zolağında HƏMAS-a qarşı "Dəmir Qılınclar" əməliyyatına başlayıb. Hücumdan bir neçə gün sonra İsrail hərbçiləri Qəzza sərhədi yaxınlığındakı bütün yaşayış məntəqələrini nəzarətə götürüb və hədəflərə, o cümlədən mülki şəxslərə hava zərbələri endirməyə başlayıb. İsrail həmçinin Qəzza zolağının tam blokadaya alındığını elan edib: su, qida, elektrik, dərman və yanacaq tədarükü dayandırılıb.
Qəzza zolağında qurbanların sayı 5 minə yaxındır, həlak olan İsrail sakinlərinin sayı isə mini keçib, bir neçə min israilli və fələstinli yaralanıb. Müxtəlif mənbələrə görə, HƏMAS 200-dən çox sraillini əsir saxlaya bilər.
Rusiya Xarici İşlər Nazirliyi tərəfləri hərbi əməliyyatları dayandırmağa çağırıb. Rusiya prezidenti Vladimir Putin bildirib ki, Yaxın Şərq böhranının həlli yalnız BMT Təhlükəsizlik Şurası tərəfindən təsdiq edilmiş və Fələstin daxilində müstəqil Fələstin dövlətinin yaradılmasını nəzərdə tutan "iki dövlət" formuluna əsasən mümkündür.
Tərəflərin ərazi maraqları ilə bağlı Fələstin-İsrail münaqişəsi uzun onilliklər ərzində regionda gərginlik və toqquşma mənbəyi olub. 1947-ci ildə SSRİ-nin fəal rolu ilə BMT-nin qərarı iki dövlətin - İsrail və Fələstinin yaradılmasını müəyyən etdi, lakin yalnız İsrail dövləti yaradıldı. İsrail iki dövlət prinsipi ilə razılaşdığını bəyan etməklə yanaşı, Fələstin torpaqlarını tam azad etməyib.