CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Qarabağın yerdən 60-100° C temperaturla çıxan termal suları nə vaxt sertifikat alacaq?

Ruslan Quliyev bildirib ki, bu suların beynəlxalq keyfiyyət sertifikatı alması bir daha beynəlxalq platformalarda Azərbaycanın daha keyfiyyətli sağlamlıq turizmi destenasiyası olduğuna inamı artıracaq.
Sputnik
BAKI, 23 oktyabr — Sputnik. Bu günlərdə Lənkəranın "İstisu" Bulaqları və Qalaaltının "Naftsu" mineral suyu Alman Tibbi Sağlamlıq Assosiasiyası tərəfindən sertifikatlaşdırılıb. Azərbaycan-Alman Sağlamlıq Assosiasiyası "Qalaaltı" Hotelin mineral suyunu xüsusi keyfiyyətinə və müalicəvi faydalarına görə rəsmi olaraq sertifikat verilib.
Ölkədə sağlamlıq turizminin inkişafı üçün zəngin təbii resurs bazalarından biri də işğaldan azad olunmuş ərazilərdir. Odur ki, isti su bulaqları dedikdə ilk ağılagələn Kəlbəcərin "İstisu" sanatoriyası olur. Bəs görəsən, işğaldan azad olunmuş ərazilərdə istisuların sertifikatlaşdırılmasına başlanılıbmı?
Termal mərkəzlərin beynəlxalq sertifikat alması nə üçün vacibdir?
Azərbaycan Sağlamlıq və Termal Turizmə Dəstək Assosiasiyasının idarə heyətinin sədri Ruslan Quliyev Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, termal mərkəzlərin dünya standartlarına uyğun sertifikat alması vacibdir. Onun sözlərinə görə, bu sertifikat mineral sularının üstün keyfiyyətlərini vurğulamaqla yanaşı, həm də onların müalicəvi xüsusiyyətlərinin dünya miqyasında tanınmasını təsdiq edir və hoteli regionun aparıcı tibbi sağlamlıq mərkəzlərindən birinə çevirir.
"Sertifikatlaşdırma prosesinə termal suyun xüsusi dəqiqliklə sınaqdan keçirilməsi və təhlili, həmçinin otelin sağlamlıq imkanlarının və xidmətlərinin qiymətləndirilməsi daxildir. Alman Tibbi Sağlamlıq Assosiasiyası Avropada sağlamlıq xidmətləri üzrə aparıcı qurumdur. Qurumun fəaliyyətinin əsasını sağlamlıq və rifah sahələrində ən yüksək standartların təbliğ edilməsi təşkil edir" - deyə R. Quliyev bildirib.
Onun sözlərinə görə, sertifikatlaşdırma nəticəsində sağlamlıq və istirahət üçün ən yaxşı yer kimi bu otellərin nüfuzunun daha da artacağı gözlənilir.
İstisuyun suyu nə vaxt sertifikatlaşdırılacaq?
Həmsöhbətimiz bildirib ki, gələcəkdə işğaldan azad olunmuş ərazilərdə də şəfalı su yataqlarının beynəlxalq sertifikat alması vacibdir.
"Bu beynəlxalq platformada əməkdaşlıq üçün vacib amildir. Biz azad olunmuş ərazilərin inkişaf strategiyasının hazırlanmasında iştirak edirik. İşğaldan azad olunmuş ərazilərin gələcəkdə Avropanın Tarixi və Termal Şəhərlər Assosasiyasının mədəni marşrutlarında və beynəlxalq xəritələrində yer alması turist axınına təkan verən amildir. Bu, gələcəkdə müalicə üçün gələn turistlərdə həm də müalicəyə inam yaradacaq. Çünki, bu suların beynəlxalq keyfiyyət sertifikatı alması bir daha beynəlxalq platformalarda Azərbaycanın daha keyfiyyətli sağlamlıq turizmi destenasiyası olduğuna inamı artıracaq" - o, bildirib.
R. Quliyevin sözlərinə görə, dünyada qəbul olunan səkkiz qrup mineral suyun ölkəmizin ərazisində, demək olar ki, hamısına rast gəlinir. Onun sözlərinə görə, Azərbaycanın mineral su mənbələrində temperatur 4-64° C təşkil edir.
İşğaldan azad olunmuş torpaqların termal turizm potensialı
Qeyd edək ki, Azərbaycanda Dövlət Turizm Agentliyinin sifarişi ilə hazırlanan "Azərbaycanda Sağlamlıq Turizmi -Cari Vəziyyət və İnkişaf" adlı hesabatda yer alan məlumatlara görə, Kəlbəcər, Laçın və Şuşa rayonlarının ərazisində termal suların temperaturu 60-100ºC-dir.
Qarabağ vulkanik yaylasında toplanan mineral su ehtiyatları kimyəvi tərkibinin müxtəlifliyinə görə fərqlənir. Azərbaycanda olan mineral suların ümumi ehtiyatının 33%-i Kəlbəcər, Laçın rayonlarının payına düşür. Bu rayonlarda mineral suların ümumi ehtiyatı 7393 m³/gün təşkil edir ki, bunun da 42%-i Laçının, 58%-i Kəlbəcərin payına düşür. Yalnız Kəlbəcər rayonunun Tərtər çayı hövzəsində 400-dən artıq mineral su yataqları var. İstisu mineral bulaqları 1138-ci ildə güclü zəlzələ zamanı yerin qabarması, çatlaması nəticəsində əmələ gəlib. Bulağın suyu hipertermal, karbon qazlı, hidrokarbonatlı- xloridli-sulfatlınatriumludur. İstisu mineral bulaqları istifadə edilən 12 bulaqdan ibarətdir.
Mineral su mənbələrinə Yuxarı və Aşağı İstisu, Turxun, Keşdək, Qoturlu (Kəlbəcər), Minkənd (Laçın) və s. aiddir. Bu bulaqların potensial ehtiyatı, yerləşdiyi ərazinin təbiətinin cəlbediciliyi kurort-müalicə kompleksinin yaradılması üçün əlverişli təbii amillərdir. Müalicəvi bulaqların zənginliyinə görə Kəlbəcər xüsusilə seçilir. Yalnız Tərtər çayının qolu olan Tutqunçay dərəsində 400-ə qədər müalicəvi sulara rast gəlinir ki, bu da kiçik bir ərazi üçün unikal sayıla bilər. İstisu balneoloji kurortu Qarabağ yaylasının şimal-qərb hissəsində 2200 m yüksəklikdə, Tərtər çayının sağ sahilində alp bitkiləri ilə zəngin ərazidə yerləşir.
Suyu hidrotermal, karbon qazlı, hidrokarbonatlı-xloridli-sulfatlı-natriumludur. Mineral bulaqların suyu müalicə məqsədi ilə içilir və vanna qəbul edilir. Burada mədə-bağırsaq xəstəliyinə, maddələr mübadiləsinin pozğunluqlarına, habelə hərəkət orqanları, sinir sistemi və ginekoloji, bəzi uroloji xəstəliklərə tutulanlar müalicə oluna bilərlər.
Bulaqların suyundan alınan duzlar xroniki qəbizlik, qaraciyər, ödlük, qastrit və s. xəstəliklərin müalicəsində yararlıdır. Kimyəvi tərkibi və fiziki xüsusiyyətlərinəgörə bu sular dünyaca məşhur olan Çexiyanın Karlovı Varı mineral suyuna oxşardır. İstisuyun hərarəti 58,8ºC-dir. Həmçinin suyun tərkibi brom, yod, mərgümüş, fosfor, sink, mis, nikel,maqnezium, dəmir və s. kimyəvi maddələrlə zəngindir.
Şuşa-Turşsu rekreasiya zonasında yüksək debitli Turşsu, Şırlan, İsabulağı, Zamanpəyəsi, Daşaltı bulaqları vardır. Bunlardan müalicəvi xüsusiyyətləri təsdiq olunanlar Turşsuvə Şırlan bulaqlarıdır. Qeyd olunan mineral sular mikroelementlərlə zəngin, əsasən, karbon qazlı-hidrokarbonatlı-maqneziumlunatriumlu-kalsiumludur. Turşsu mineral suyunun tərkibində dəmirin olması anemiyalı xəstələrin də burada müalicə olunmasına imkan verir. Turşsudan, Şirlandan çıxan mineral sular böyük müalicəvi əhəmiyyətə malik olub mədə-bağırsaq, qaraciyər- öd kisəsi xəstəliklərində və tərkibində kifayət qədər dəmir olduğuna görə qan azlığında müvəffəqiyyətlə tətbiq edilə bilər.
Azərbaycanda sağlamlıq turizminin tarixi
Məlumat üçün onu da bildirək ki, Azərbaycanda sağlamlıq turizminin inkişafı tarixi 12-ci əsrdə Naftalan müalicəvi neftindən istifadə ilə başlayıb. Naftalan neftindən müalicə məqsədilə karvan yollarının kənarında yerləşən Gülüstan, Goranboy yaşayış məntəqələrinin yaxınlığında müalicə vannaları fəaliyyət göstərib. İpək yolunun iki istiqamətinin buradan keçməsi Naftalan müalicəvi neftindən istifadə edənlərin sayını artırıb.
Azərbaycanda 19-cu əsrin ikinci yarısından başlayaraq Naftalan nefti ilə yanaşı müxtəlif mineral və termal su mənbələrindən istifadə olunmağa başlanıb. Naftalan neftinin tərkibinin elmi əsaslarla öyrənilməsi, müalicəvi xüsusiyyətlərinin araşdırılması 19-cu əsrin sonlarına təsadüf edir. Həmin dövrdə Gəncə yaxınlığında çar Rusiyasının xüsusi sərəncamı ilə 20 vannadan ibarət müalicə mərkəzi tikilib. Azərbaycanda termal sulardan istifadə olunması 19-cu əsrin sonuna təsadüf edir. Bu vaxt rus zabitlərinin müalicəsini təşkil etmək məqsədilə Lənkəran, Şuşa, Zaqatalada ilk müalicə vannaları istifadəyə verilib. Şuşada olan belə müalicə mərkəzi rus zədaganlarının istirahət mərkəzi kimi məşhurlaşıb.
Azərbaycanda ilk sanatoriya 1922-ci ildə Mərdəkanda tikilib. Sonradan Bilgəh, Şüvəlan, Naftalan və Masallıda az tutumlu olsa da, müalicə sağlamlıq mərkəzləri inşa olunaraq istifadəyə verilib. Naftalanda ilk 340 yerlik müalicə sanatoriyası 1926-cı ildə tikilib. Bu həmin dövr üçün keçmiş SSRİ ərazisində ən böyük müalicə-sağlamlıq müəssisəsi sayılırdı. Azərbaycan 20-ci əsrin 50-90-cı illərində sanatoriyaların sürətli tikintisi ilə seçilib.
Kəlbəcərdə İstisu və Naftalanda olan sanatoriyalar ümumi ölkə əhəmiyyətli mərkəzlərə çevrilmişdir. 1970-85-ci illərdə ölkədə sanatoriya-kurort müəssisələrinin sayı 26-a çatdırılaraq, nömrə fondu isə 12 500-ü ötüb. Naftalan, Kəlbəcər, Şuşa, Abşeron, Lənkəran, Masallı, Qax, Culfa, Babək və digər bölgələrdə də sanatoriyalar fəaliyyət göstərib. Müstəqillik dövründə sanatoriyalardan qaçqınlar və məcburi köçkünlərin yerləşdirilməsi üçün istifadə olunub. Müharibə şəraitində onların fəaliyyəti məhdudlaşdırılıb.
2000-ci ildən sonra sanatoriyalar öz imkanlarının az bir hissəsini bərpa edə bilib. Ölkədə iqtisadi stabilliyin yaranması, əhalinin gəlirlərinin artması müalicə-sağlamlıq turizminə tələbatı artırıb. Həmçinin Kurortların İnkişafı Haqqında Dövlət Proqramına uyğun olaraq Həmkarlar Təşkilatının tabeliyində olan "Bilgəh", "Abşeron", "Şıx", "Qaranquş", "Günəşli" sanatoriyaları bərpa olunub. Ölkədə dövlət proqramlarına uyğun olaraq güzəştli kreditlər əsasında Naftalanda yeni sağlamlıq mərkəzləri tikilib istifadəyə verilib.
Xatırladaq ki, Azərbaycanda ÜDM-də turizm sənayesinin birbaşa payı 4,5% və bilavasitə payı isə 3,3% təşkil edir.