DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

İranda məcburi hicab qaydalarına görə iş yerləri bağlandı

Məcburi hicab qaydalarına görə Tehran, Rəşt, Babolsər və Məşhəd şəhərlərində müxtəlif iaşə obyektləri bağlanıb.
Sputnik
BAKI, 22 oktyabr — Sputnik. Tehran, Rəşt, Babolsər və Məşhəd şəhərlərində 10 restoran, kafe və kitabxanalar məcburi hicab qaydalarını pozanlara xidmət göstərdiyi üçün bağlanıb.
Bu barədə adıçəkilən şəhərlərin polis idarələrinin ictimai məkanlara nəzarət bölmələri məlumat yayıb.
Qeyd edək ki, son bir neçə ay ərzində İranda məcburi hicab qaydalarına riayət edilməyən 3 mindən çox iş yerinin fəaliyyəti dayandırılıb.
Xatırladaq ki, bir müddət öncə İranda hicabsızlara qarşı mübarizənin yeni mərhələsi başlayıb və ali dini lider Əli Xameneinin əyalətlərdəki nümayəndələri vətəndaşları və hökumət məmurlarını məcburi hicab qaydalarına riayət etməyənlərə qarşı səfərbərliyə səsləyiblər.
Ötən ilin iyul ayında isə İranda məcburi hicaba qarşı "Hicabsız hicab" şüarı altında kampaniya başlayıb. Kampaniya ölkənin müxtəlif şəhərlərində dəstəklənib. Vətəndaşlar bununla məcburi hicab geyinməyə və hakimiyyətin zorakılıqlarına etiraz etdiklərini bildiriblər.