TƏHSİL

Təhsil alan tələbə sayı 220 min nəfərə çatıb - Nazir

E.Əmrullayev bildirib ki, Təhsil Tələbə Kredit Fondu sayəsində 24 mindən çox tələbənin təhsil haqqı ödənilib.
Sputnik
BAKI, 21 oktyabr - Sputnik. Ali təhsilin inkişafı sahəsində həyata keçirilən tədbirlər nəticəsində ali məktəblərə qəbul olunan tələbələrin sayı 2003-cü ilə nisbətən təxminən 3 dəfə artıb və cari ildə 65760 nəfər təşkil edib. Azərtac-ın xəbərinə görə, bunu “Keçmişə ehtiram, gələcəyə inamla: Heydər Əliyev irsindən bəhrələnən müasir Azərbaycan gəncliyi” mövzusunda konfransda elm və təhsil naziri Emin Əmrullayev deyib.
Onun sözlərinə görə, həmin dövrdə təhsil alan tələbə sayı isə təxminən 2 dəfə artaraq 120 mindən 220 minə çatıb.
Nazir onu da diqqətə çatdırıb ki, dövlətimizin başçısı tərəfindən ali təhsilin əlçatanlığının artırılması, tələbələrin sosial müdafiəsinin yaxşılaşdırılması, ali təhsildə rəqabət mühitinin formalaşdırılması sahəsində mühüm qərarlar qəbul olunub.
E.Əmrullayev qeyd edib ki, son illərdə dövlət sifarişi yerlərinin sayı 50 faizə çatdırılıb, tələbə təqaüdləri ardıcıl olaraq artırılıb və akademik nailiyyətlərlə uzlaşdırılıb. 2014-cü ildən ali təhsil sahəsində yeni məzmun və tədris texnologiyaları əsasında “SABAH” layihəsinin həyata keçirilməsinə başlanılıb. Son 5 ildə “SABAH” qruplarını 5814 məzun bitirib və onların uğurlu karyera inkişafı müşahidə edilir.

“Əhalinin aztəminatlı təbəqələrindən olan şəxslərin təhsilə əlçatanlığını təmin etmək məqsədilə Təhsil Tələbə Kredit Fondu yaradılıb, bu günədək 24 mindən çox tələbənin təhsil haqqı ödənilib”, - deyə Emin Əmrullayev qeyd edib.

Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.