BAKI, 21 oktyabr - Sputnik. Qədim Azərbaycan torpağı olan Qərbi Azərbaycanda – Zəngəzurda dağıdılmış tarixi abidələrimiz və vətənsiz qalmış soydaşlarımızın acı taleyindən bəhs edən “Yada Daşı” sənədli filminin gənclərin və yaradıcı qrupun iştirakı ilə ilkin təqdimat mərasimi keçirilib.
Report xəbər verir ki, “Yada Daşı” filmində peşəkar mütəxəssislər, sahəvi ekspertlərin rəyləri və həmin abidələrin yerləşdiyi ərazilərdə yaşayan qərbi azərbaycanlıların xatirələri geniş izləyici kütləsi üçün vizual formada təqdim olunur.
Filmdə müsahibələrlə yanaşı, tarixi və unikal sayıla biləcək arxiv fotoşəkillərə, videokadrlara da geniş yer verilib.
Film “Müasir Yaradıcılığa Dəstək" İctimai Birliyi tərəfindən Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə ərsəyə gəlib.
Yaxın vaxtlarda geniş auditoriya üçün filmin Azərbaycan və İngilis dilində təqdimatı keçiriləcək.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.