PAYTAXT XƏBƏRLƏRİ

Buludlarda gəzmək: Bakının 10 atmosfer parkı

Dənizin, səmanın, günəşin, insan zəkasının yaratdığı təbiətin bütün rəngarəngliyi Bakının parklarını gəzərkən görünür. Biz şəhərin ən məşhur on yaşıl ərazisini topladıq.
Sputnik
BAKI, 21 oktyabr — Sputnik. Bakı özünün atmosferli təbii yerləri və yaşıl dizaynı ilə haqlı olaraq fəxr edir. Burada dənizkənarı bulvar və müşahidə meydançası, çiçəkli bağ və fəvvarələr sahəsi bir yerdə cəmləşib. 19-cu əsrin 30-cu illərinin ortalarında Bakıda ilk Qubernator Parkı istifadəyə verildiyi vaxtdan şəhərin yaşıllıqlarla bəzədilməsi prosesi hələ də dayanmayıb.
Bu gün Bakı parkların sayına görə bəzi Avropa paytaxtları ilə rəqabət apara bilər. Burada hər il daha çox atmosfer əraziləri açılır. Bakılılar və şəhərin qonaqları arasında ən populyar onluq haqqında danışaq.

1. Filarmoniya bağı (Qubernator bağı)

19-cu əsrdə açılan ilk parkdan başlayaq. Əvvəllər Qubernator bağı kimi tanınan Filarmoniya bağı qubernatorun evi ilə üzbəüz yerləşdiyi üçün bu adı alıb. Yaxınlıqda köhnə şəhərin qala divarı və şərq qala qapısı var. Bağ şəhərdə uzun müddət yeganə bağ olaraq qalıb. Onun landşaftı yarım əsrdən artıq formalaşıb. Dünyanın müxtəlif ölkələrindən gəmilərlə Bakıya qara torpaq və tinglər gətirilərək ilk növbədə tut, qarağac, şam, akasiya əkildi. Qala divarları boyunca üzümlüklər yuxarı uzanırdı. Çox sonralar burada rəqs meydançaları, söhbətgahlar, terras və restoranlar meydana çıxdılar.
Bu bağ əvvəlki kimi bu gün də paytaxt sakinlərinin və qonaqlarının sevimli istirahət yerlərindən biri olaraq qalır. Parkda Dövlət Filarmoniyasının və Şairlər Evinin binası yerləşir. Maraqlıdır ki, uzun illərdir ki, Azərbaycanın faunası üçün xarakterik olmayan və hardan gəldikəri bəlli olmayan tutuquşular uzun illərdir ki, buradakı ağacların zirvələrində yaşayırlar.

2. Dənizkənarı bulvar

Azərbaycan paytaxtının ən gözəl görməli yerlərindən biri Xəzər dənizinin mənzərəli sahili boyunca 16 kilometr uzanır. Gələn il park 115 illik yubileyini qeyd edəcək. Xəzər dənizi buxtasının cənub tərəfi boyunca sahil zonası çiçəklər və yaşıllıqlarla əhatə olunub.
Bakı Şəhər İdarəsi 19-cu əsrin əvvəllərindən bəri dənizkənarı bulvarın yaradılması məsələsini dəfələrlə müzakirə edib. Lakin yalnız 1909-cu ildə azərbaycanlı mühəndis Məmməd Həsən Hacınskinin təşəbbüsü ilə konkret addımlar atılıb. Bulvarın tikintisinə şəhər rəhbərliyi və Bakı xeyriyyəçiləri vəsait ayırıblar. 20-ci əsr boyu Bakının dənizkənarı bulvarı uzanmaqda davam edib, lakin onun taleyi Xəzər dənizinin səviyyəsindən çox asılı idi. Dəniz gəzinti yerini dəfələrlə yuyaraq su altında qoyub. 1998-ci ildə o, milli park statusu alıb, 2007-ci ildə isə burada genişmiqyaslı yenidənqurma işlərinə başlanılıb.
Bu gün parkda iki musiqili fəvvarə, onlarla müxtəlif attraksionlar, dönmə çarx, 7D kinoteatrı, rahat kafe və restoranlar var. Dəniz gəzintilərini sevənlər üçün burada üzən restoran, yaxta klubu və hətta süni dar kanallar boyunca üzən əsl qondollar var.

3. Xaqani bağı

Orta əsr şairi Xaqani Şirvaninin adını daşıyan kiçik qədim park. Tarixi boyu bağın adı bir neçə dəfə dəyişdirilib. Landşaftın əsasını üç ünsürü - su, hava və torpağı simvolizə edən "Üç gözəllik ilahəsi" - qızların heykəltəraşlıq qrupu olan əyri hovuz təşkil edir. Bağ çox kiçik olsa da, kifayət qədər rahatdır və bir çox bakılıların sevimli istirahət yeridir.

4. Səməd Vurğun bağı

Parkın əsası 1882-ci ildə qoyulub və sonradan Azərbaycanın xalq şairi Səməd Vurğunun şərəfinə adlandırılıb. Yaşıl zonanın təsisçisi çuqundan hazırlanmış bağçılıq məhsullarının yerli taciri Krasilnikova idi. Park şəhərin mərkəzində, qatar stansiyasının yanında yerləşir. 1961-ci ildə parkda Səməd Vurğunun abidəsi ucaldılıb.
2009-cu ildə park yenidən quruldu: burada səki cığırları və zəngin çiçək yataqları ilə əhatə olunmuş kölgəli istirahət zonaları yarandı. İsti mövsümdə axşamlar parkın fəvvarələrinin yanında istirahət edənlər xüsusilə çox olur.

5. Dağüstü park

Bakının mərkəzində yerləşən park paytaxtın “ən yaxşı”, ən gözəl parklarından biridir. Park paytaxtın ən hündür nöqtəsidir, buradan şəhərin və körfəzin panoraması açılır. Burada 1990-cı ilin “Qara Yanvar” qurbanlarının və Qarabağ müharibəsində həlak olan hərbçilərin dəfn olunduğu Şəhidlər Xiyabanı və Azərbaycanın İstiqlal Muzeyi yerləşir.
Park memar L. A. İlyin tərəfindən Bakı karxanalarının rəngli əhəng daşından köhnə qəbiristanlığın yerində inşa edilib. Yer onunla unikaldır ki, ərazisi Dənizkənarı Bulvarın uzandığı körfəzin möhtəşəm panoramasını təqdim edir. “Tripadvisor”a görə, bu, ən yaxşı mövcud və ən əsası pulsuz baxış platformasıdır! Bura funikulyar aparır, lakin pilləkənlərlə yavaş-yavaş gəzmək də gözəldir. Ən gözəl vaxt günəş batarkən olur.
Hazırda parkda yeni terraslar, cığırlar, şəlalələr kompleksi salınıb, bəzək bitkiləri əkilib, müasir işıqlandırma sistemi yaradılıb.

6. Fəvvarələr meydanı

Meydanın adı öz sözünü deyir. Burada həm klassik, həm də avanqard üslubda - məsələn, geniş postament üzərində uzanmış altı polad top şəklində çoxlu fəvvarələr var. Meydanın ətrafında 19-20-ci əsrlərə aid memarlıq abidələri, o cümlədən Nizami muzeyinin binası (1860), Araz kinoteatrının binası (1870) və s. yerləşir.
Əvvəllər Parapet meydanı adlanan bu meydan 1868-ci ildə Bakının mərkəzinin formalaşmasında böyük rolu olan və 19-cu əsrdə yaşamış azərbaycanlı memar Qasımbəy Hacıbababəyov tərəfindən tikilib. Zaman keçdikcə fəvvarələr parkın memarlıq və landşaft kompozisiyasının mühüm hissəsini təşkil etməyə başladılar. Məhz onların çoxluğuna görə bu yer Fəvvarələr meydanı adlandırılmağa başladı.
2010-cu ildə Fontanlar meydanı tamamilə yeniləndi. Fəvvarələr yenidən quruldular, yaşıllıqların sahəsi artırıldı. Meydan şəhər sakinlərinin heykəlləri ilə bəzədildi. Məsələn, çətir altında telefonla danışan bürünc qız.

7. Axundov bağı

Bağ 1930-cu ildə burada abidəsi ucaldılmış Azərbaycan yazıçı-maarifçisi, şair, filosof və ictimai xadim Mirzə Fətəli Axundovun adını daşıyır. Heykəlin müəllifi Odessada anadan olmuş, lakin 1926-cı ildən Bakıda yaşayan heykəltəraş Peter Sabsai idi.
Parkın ərazisinin kiçik olmasına baxmayaraq, burada 3000-dən çox gül və bəzək kolları və rahat oturacaqlar var. Bağın yaxınlığında tarixi binalar: neft sənayeçisi Dmitri Mitrofanovun heykəlləri olan orijinal ev, Dövlət Bankının milli elementləri olan "çəhrayı malikanəsi" yerləşir.

8. Nizami parkı

Şəhərin ən qədim parklarından biri. Nobel qardaşları tərəfindən 19-cu əsrin sonlarında neft hasilatı şirkətinin işçiləri üçün salınmış qəsəbənin ərazisində ucaldılıb. Parkın ümumi sahəsi 13 hektardan çoxdur. İnqilabdan əvvəl park “Villa Portolea” adlanırdı, 1920-ci ildən sonra Lunaçarskinin, sonra isə fars poeziyasının klassiki Nizami Gəncəvinin adını alıb.
Əvvəllər Varşavada çoxlu bağlar və parklar yaradan təcrübəli bağban E. Bekle Abşeronun təbii xüsusiyyətlərini öyrənib və “Villa Portolea” üçün ağac növlərini seçib. Bekle Tiflisdə, Batumda əkin materialı seçərək, həm də Rusiya və Avropadakı tingliklərdən sifariş edib.
2021-ci ildə parkda süni göl yaradılıb, 1938-ci ildən mövcud olan amfiteatr və yay kinoteatrı bərpa edilib, iki fəvvarə kompleksi və müasir işıqlandırma sistemi yaradılıb. Söhbətgahlar və skamyalar quraşdırılıb, uşaq əyləncə kompleksi yaradılıb.

9. Sahil parkı

Bakının mərkəzində Sovet dövründə əsası qoyulmuş və “26 Bakı Komissarları Meydanı” adlanan Sahil bağı var. Burada məzarlar və “əbədi məşəl” var idi. SSRİ dağılandan sonra memorial söküldü və meydan gözəl parka çevrildi.
Bu gün parkın mərkəzində şərq üslubunda hazırlanmış kasa formasında üç pilləli gözəl fəvvarə var. Ərazi tarixi binalarla əhatə olunub. Parkın perimetri boyu dahi azərbaycanlıların adları ilə bağlı binalar, o cümlədən dahi opera müğənnisi Bülbülün yaşadığı ev və zəngin kitab kolleksiyası ilə M.F. Axundzadə adına Milli Kitabxananın binası yerləşir. Kitabxananın fasadının yuxarı hissəsində yerləşən tağlarda Azərbaycanın və dünya mədəniyyət, incəsənət və elm xadimlərinin heykəllərini görmək olar.

10. Heydər Əliyev Park Kompleksi

Onu şəhərin ən gözəl parkı adlandırırlar. Park Heydər Əliyev Sarayının qarşısında yerləşir. Kompleksin özü, o cümlədən Heydər Əliyevin abidəsi ümummilli liderin anadan olmasının 82-ci ildönümü günündə istifadəyə verilib. Abidənin ümumi hündürlüyü 12 metrə yaxındır.
Burada Azərbaycanın milli simvolu olan səkkizguşəli ulduz şəklində üç fəvvarə var. Fəvvarələr kompüter vasitəsilə idarə olunur. Onların üzlənməsi üçün Çindən 50 tonluq bərk qranit gətirilib. Ümumi sahəsi 23 min kv.m olan kompleksin böyük hissəsi mərmər lövhələrlə örtülüb. Burada, həmçinin çox sayda çiçək və maqnoliya da var.
Heydər Əliyev Sarayının düz arxasında müasir fəvvarələri, yerüstü keçidləri, liftləri və eskalatorları ilə məşhur “Qış parkı” adlandırılan daha bir möhtəşəm park kompleksi yerləşir.
Yerli mətbuat maraqlı faktı yazır. Kompleksin tikintisi zamanı ərazinin genişləndirilməsi üçün unikal əməliyyat aparılıb - 1908-ci ildə tikilmiş Hacınski qardaşlarının üçmərtəbəli evi öz yerindən 10 metr kənara köçürülüb. Çəkisi 18.000 ton olan bu tikili dünyanın indiyədək köçürülmüş olan ən ağır binası olub.