BAKI, 20 oktyabr — Sputnik. "Fransanın siyasəti Cənubi Qafqazda yeni münaqişə ocaqlarının yaranmasına yönəlib".
Bunu Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva Bakıda "Neokolonializm: İnsan hüquqlarının pozulması və ədalətsizlik" mövzusunda keçirilən beynəlxalq konfransda deyib.
Onun sözlərinə görə, Afrikada, Yaxın və Uzaq Şərqdə keçirilən neokolonializm siyasəti milyonlarla insanların əsas hüquqlarının kobud şəkildə pozulmasına səbəb olub: "Təcavüzkar dövlətlər bu məsələlərdə birbaşa məsuliyyət daşıyırlar. XX əsrin ikinci yarısı boyunca Əlcəzairdə, dənizaşırı ölkələrdə ətraf-mühitin deqradasiyasına, insan hüquqlarını pozulmasına səbəb olmuş Fransa müstəmləkəsi altında yaşayan insanların hüquqlarını kobud şəkildə pozmaqdadır. Əlcəzairdə bir milyondan artıq insanın hüquqlarının pozulması faktı bunu bir daha sübut edir. Bundan başqa, Ermənistanın Azərbaycana qarşı açıq nifrətini dəstəkləyən çıxışlar edən Fransa bu fikirlərin qüvvətlənməsinə səbəb olur. Fransanın regionumuzla bağlı siyasəti də sülhün bərqərar olmasına deyil, Cənubi Qafqazda yeni münaqişə ocaqlarının yaranmasına yönəlib və dayanıqlı sülh prosesinə təhdid xarakteri daşıyır. Son illər Azərbaycanın sədrliyi ilə bir sıra uğura imza atmış Qoşulmama Hərəkatı isə insanların hüquqlarının qorunması baxımından çox mühüm əhəmiyyətə malikdir".
Qeyd edək ki, Bakı Təşəbbüs Qrupunun təşkilatçılığı ilə keçirilən konfransda 14 ölkədən, eləcə də Fransanın müstəmləkə altında saxladığı dənizaşırı ərazilərdən, həmçinin Korsikadan olan nümayəndələr iştirak edir.