BAKI, 20 oktyabr - Sputnik. Biz bu qələbəni iqtisadiyyatımız Ermənistanla müqayisədə güclü olduğu üçün əldə etmişik. Mərhum Prezident Heydər Əliyevin deyirdi ki, iqtisadiyyatı güclü olan ölkə hər şeyə qadirdir.
Bunu Milli Məclisin bu gün keçirilən iclasında parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədr müavini Qüdrət Həsənquliyev Rəqabət Məcəlləsinin müzakirəsi zamanı deyib.
Deputat təklif edib ki, rəqabət orqanı çoxpartiyalı sistemə əsasən formalaşdırılsın: “Azərbaycanda iqtisadiyyatın əsas hissələri dövlətin nəzarətindədir. Haqsız rəqabətin formalarından biri inhisarçı fəaliyyətdir ki, bu da Məcəllədə öz əksini tapmayıb. Dövlətin mülkiyyətində olanlar ilk olaraq özəlləşdirilməli və parçalanmalıdır ki, onların bazarda payı 35 %-dən çox olmasın”.
Qüdrət Həsənquliyev onu da qeyd edib ki, Azərbaycanda Cinayət Prosessual Məcəlləyə dəyişiklik edilməlidir: “Bu cür cinayətlərlə Vergi Xidməti məşğul olmalıdır. Əgər iqtisadi sferada cinayət tərkibi olarsa, bu məlumatlar hüquq mühafizə orqanları tərəfindən aidiyyəti qurumlara göndərilməlidir. Qaçaqmalçılıqla bağlı cinayət işləri Dövlət Gömrük Komitəsinə göndərilməlidir. Rusiyada artıq belə addım atılıb. Bizdə də bu addımın atılması iqtisadiyyatın inkişafına səbəb ola bilər”.
Xatırladaq ki, bu gün Milli Məclisin iclasında "Azərbaycan Respublikası Rəqabət Məcəlləsinin təsdiq edilməsi haqqında" qanun layihəsi müzakirəyə çıxarılıb.
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili bildirib ki, ölkə Prezidenti tərəfindən Milli Məclisə təqdim olunan Rəqabət Məcəlləsi bu sahədə beynəlxalq təcrübə nəzərə alınaraq hazırlanıb.
O, təqdim edilən Rəqabət Məcəlləsinin ölkənin sürətli iqtisadi inkişafına xidmət edəcəyini, inhisarçılığa qarşı mübarizənin qanuni əsaslarını və prosessual əsaslarını müəyyən etdiyini, azad və sağlam rəqabətə təkan verəcəyini, rəqabətin stimullaşdırılmasını təmin edəcəyini söyləyib.
Müzakirələrin sonunda “Azərbaycan Respublikası Rəqabət Məcəlləsinin təsdiq edilməsi haqqında” qanun layihəsi ikinci oxunuşda qəbul edilib.