BAKI, 20 oktyabr — Sputnik. Azərbaycanın alma ixracında kəskin artım müşahidə edilir.
Dövlət Gömrük Komitəsinin məlumatına görə, bu ilin 9 ayında Azərbaycandan 34,4 milyon dollar dəyərində 54 min tondan çox alma ixrac edilib. Cari ildə alma ixracı illik müqayisədə miqdar baxımından 36,1 faiz, dəyər baxımından 33 faiz artıb.
Bəs, artımın səbəbi nədir?
Məsələ ilə bağlı aqrar sahə üzrə ekspert Mircavid Həsənov Sputnik Azərbaycan-a deyib ki, ixracın artmasının əsas səbəbi xüsusən də Quba-Xaçmaz iqtisadi rayonunda alma sahələrinin genişlənməsidir: "Təxminən 2010-cu ildən bəri ənənəvi alma bağlarının intensiv bağlar ilə əvəz edilməsi prosesi ixracın azalmasına səbəb olmuşdu. Artıq intensiv alma bağları salınıb və məhsul bolluğu yaranıb. Ənənəvi bağın hər hektarından 40 ton məhsul götürülürsə, intensiv bağın hər hektarından 80-100 ton məhsul götürmək olur. Fermerlərə sərfəlidir deyə intensiv bağlar ildən-ilə artır".
"Düzdür, almanın qiyməti çox baha olmur, amma məhsul bol olduğuna görə qazanc əldə etmək mümkündür. Ona görə də fermerlər alma bağları salmaqda maraqlıdırlar"-, deyə o qeyd edib.
"Almaya Rusiyada həmişə tələbat olub"
Ekspert bildirib ki, digər tərəfdən, Ukraynada baş verən münaqişə də Azərbaycanın alma ixracının artmasına təsir edib: "Əvvəllər Ukraynadan Rusiyaya alma ixrac edilirdi, amma münaqişəyə görə bu ixrac azalıb. Tələbatı qarşılamaq üçün Azərbaycandan Rusiyaya ixrac daha da artıb. Almaya Rusiyada həmişə tələbat olub və bu məhsul Rusiyada ən çox yeyilən meyvələr arasındadır. Azərbaycan almanı əsasən Rusiyaya, az miqdarda isə ərəb ölkələrinə ixrac edir".
Azərbaycandan alma qurusu da Rusiyaya gedir
Onun sözlərinə görə, Rusiyada alma qurusundan da istifadə edirlər: "Məsələn, alma qurusundan kompot düzəldilərək orduda hərbçilərə verilir. Azərbaycandan qurudulmuş alma da Rusiyaya cüzi miqdarda ixrac edilir".
"Hazırda bağdan almanın alışı 60 qəpikdir"
M.Həsənov diqqətə çatdırıb ki, almanı 6-7 ayadək soyuducu anbarlarda saxlamaq mümkündür: "Çox vaxt sahibkarlar bu məhsulu soyuducu anbarlarda saxlamaqda maraqlı olurlar. Çünki almanın qıt olan vaxtında - mart-aprel aylarında sahibkarlar məhsulu daha baha qiymətə satırlar. Hazırda bağdan almanın 1 kiloqramının alışı təxmini 60 qəpikdirsə, mart-aprel aylarında bu rəqəm 2-2,5 manatadək qalxa bilir".
8 ayda Azərbaycanın alma ixracının 92,5 faizi Rusiyanın payına düşüb
Qeyd edək ki, Dövlət Statistika Komitəsinin məlumatına görə, bu ilin yanvar-avqust aylarında Azərbaycanın cəmi alma ixracının 92,5 faizi Rusiyanın payına düşüb. Hələlik Rusiyaya ixracda 9 aylıq statistik məlumat isə mövcud deyil.
Xatırladaq ki, Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Tədqiqatlar Mərkəzinin məlumatlarına görə, keçən il ölkədə alma istehsalı 2021-ci ilə nisbətən 3,2 faiz artaraq 318,2 min ton olub. Ötən il ixrac olunan almanın 93,7 faiz Rusiyanın payına düşüb.
2020-ci ilin dekabr ayında Rusiyaya məhsul ixracında bəzi ziyanvericilər aşkarlandığına görə logistik problemlər olmuşdu. Ancaq qarşılıqlı əməkdaşlıq sayəsində problem öz həllini tapdı. Belə ki, 2022-ci ilin mart ayının 5-dən etibarən Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidməti ("Rosselxoznadzor") tərəfindən Azərbaycandan pomidor və alma məhsullarının bu ölkəyə ixraci ilə bağlı tətbiq olunan məhdudiyyət tam aradan qaldırıldı.