BAKI, 19 oktyabr — Sputnik. Birləşmiş Millətlər Təşkilatı (BMT) Yaxın Şərqdə kəskinləşən münaqişəyə görə ABŞ prezidenti Co Baydenin məsuliyyətə cəlb edilməsi təşəbbüsünü irəli sürməlidir.
Bunu Rusiya Dövlət Dumasının spikeri Vyaçeslav Volodin deyib.
"Yaxın Şərqdə dinc əhalinin, qocaların, uşaqların, qadınların həlak olduğu faciənin günahkarı var. Biz bu barədə artıq danışmışıq, lakin bu gün bu, bizim rəsmi mövqeyimizdir. Bunun günahkarı və faydalanan tərəfi ABŞ-dırBu vəziyyətdə Birləşmiş Millətlər Təşkilatı Baydenin məsuliyyətə cəlb edilməsinə təşəbbüs göstərməlidir. Yalnız BMT bir mövqe tutsa, o zaman bəlkə də münaqişə sona çatacaq", Volodin deyib.
O vurğulayıb ki, bu məsələ dünyanın bütün parlamentlərində qaldırılmalı, bu faciəni törədənlər aydın şəkildə müəyyən edilməlidir.
"Bayden cavab verməlidir. ABŞ ya buna son qoymalıdırlar, ya da BMT Baydeni hərbi cinayətkar kimi, bu və digər münaqişələrin qızışdırılmasının arxasında duran şəxs kimi məsuliyyətə cəlb etməlidir", - Volodin əlavə edib.
Dövlət Dumasının spikeri vurğulayıb ki, 1945-ci ildən bəri dünyada baş verən bütün müharibələrin 80%-i Birləşmiş Ştatların birbaşa iştirakı ilə baş verib.
"ABŞ-ın ən böyük hərbi-sənaye şirkətlərinin səhmləri artır, onlar gəlirlər, sifarişlər alırlar. Aydındır ki, bu münaqişəni dayandırmaq lazımdır, Vaşinqton və Brüssel buna əl atmayacaqlar", – Volodin qeyd edib.
Oktyabrın 7-də səhər saatlarında Fələstinin HƏMAS hərəkatının hərbi qanadının elan etdiyi Əl-Əqsa tufanı əməliyyatı çərçivəsində İsrail Qəzza zolağından görünməmiş raket hücumuna məruz qalıb. Bundan əlavə, kütləvi raket hücumlarından sonra təşkilatın qırıcıları İsrailin cənubundakı sərhəd bölgələrinə daxil olub. Buna cavab olaraq İsrail Müdafiə Qüvvələri Qəzza zolağında HƏMAS-a qarşı Dəmir Qılınclar əməliyyatına başlayıb. Hücumdan bir neçə gün sonra İsrail hərbçiləri Qəzza sərhədi yaxınlığındakı bütün yaşayış məntəqələrini nəzarətə götürüb və hədəflərə, o cümlədən mülki şəxslərə hava zərbələri endirməyə başlayıb. İsrail həmçinin Qəzza zolağının tam blokadaya alındığını elan edib: su, qida, elektrik, dərman və yanacaq tədarükü dayandırılıb.
Qəzza zolağında qurbanların sayı 3 minə yaxındır, həlak olan İsrail sakinlərinin sayı isə mini keçib, bir neçə min israilli və fələstinli yaralanıb. Müxtəlif mənbələrə görə, HƏMAS 150-yə yaxın israillini əsir saxlaya bilər.
Rusiya Xarici İşlər Nazirliyi tərəfləri hərbi əməliyyatları dayandırmağa çağırıb. Rusiya prezidenti Vladimir Putin bildirib ki, Yaxın Şərq böhranının həlli yalnız BMT Təhlükəsizlik Şurası tərəfindən təsdiq edilmiş və Fələstin daxilində müstəqil Fələstin dövlətinin yaradılmasını nəzərdə tutan "iki dövlət" formuluna əsasən mümkündür.
Tərəflərin ərazi maraqları ilə bağlı Fələstin-İsrail münaqişəsi uzun onilliklər ərzində regionda gərginlik və toqquşma mənbəyi olub. 1947-ci ildə SSRİ-nin fəal rolu ilə BMT-nin qərarı iki dövlətin - İsrail və Fələstinin yaradılmasını müəyyən etdi, lakin yalnız İsrail dövləti yaradıldı. İsrail iki dövlət prinsipi ilə razılaşdığını bəyan etməklə yanaşı, Fələstin torpaqlarını tam azad etməyib.