SƏHİYYƏ

Azərbaycanda qızılca xəstəliyi hansı ölkələrdən yayılıb? Rəsmi açıqlama

Afaq Əliyeva bildirib ki, Azərbaycanda olan QPM peyvəndini 10 yaşa qədər uşaqlara vurmaq olar.
Sputnik
BAKI, 19 oktyabr — Sputnik. "Azərbaycanda qızılcaya ilk yoluxma halı Türkiyədən gələn yeniyetmədə aşkarlanıb. Bundan sonra xəstəlik həmin yeniyetmənin qardaşına keçib".
Bu sözləri Sputnik Azərbaycan-a açıqlamasında Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin (RGEM) direktor müavini Afaq Əliyeva söyləyib. O, Səhiyyə Nazirliyinin ölkədə qızılca və məxmərək infeksiyalarına yerli yoluxma halları ilə bağlı dünən yaydığı məlumatı şərh edərək bildirib ki, ölkəmizdə qızılca və məxmərəyə yoluxmaya tək-tək hallara rast gəlinir. Mərkəz səlahiyyətlisi onu da əlavə edib ki, hələki ölkəmizdə bu xəstəliklərin yayılmasında alovlanma müşahidə edilmir.
"Hələki qızılcaya yoluxma təhlükəli həddə deyil. Tək-tək hallarda xəstəliyə yoluxma qeydə alınır. Buna da daha çox peyvənd olunmayan uşaqlarda rast gəlinir. İlk yoluxma Türkiyədən gələn yeniyetmədə qeydə alınıb. Daha sonra Rusiyadan gələn uşaqda xəstəlik aşkarlanıb. Bu da pandemiya dövründə peyvənddən kənar qalan uşaqlarda müşahidə olunur. Bir neçə yoluxma hadisəsi isə böyüklərdə olub." - Əliyeva deyib.
O qeyd edib ki, valideynlər uşaqlarını vaksindən kənarda saxlamamalıdırlar.
Əliyevanın sözlərinə görə, peyvənd təqviminə əsasən qızılca əleyhinə QPM vaksini ilə (qızılca-parotit-məxmərək əleyhinə) peyvəndlər uşaqların 12 aylığında və 6 yaşı tamam olduqda aparılır: "Amma Azərbaycanda olan peyvəndi 10 yaşa qədər uşaqlara vurmaq olar. Əgər hansısa uşağa peyvənd təqviminə əsasən QPM peyvəndi vurulmayıbsa, hələ gec deyil, 10 yaşa qədər müraciət edib peyvənd etdirə bilər".
Həmsöhbətimiz bildirib ki, qızılca və məxmərəyə qarşı 2019-cu ildə alovlanma olub.
Mərkəz səlahiyyətlisinin sözlərinə görə, artıq neçə illərdir peyvəndin fəsadları aşkarlanmır. O, bildirib ki, peyvənddən sonra cüzi narahatlıq təbiidir. Amma peyvənd olunanlar qızılca və məxmərəyə yoluxmur.
Həmsöhbətimiz onu da bildirib ki, uşaqda səpki əlaməti varsa, bu qızılca və məxmərəyə yoluxmaya şübhə yaradır.
Bu zaman qan analizi götürülməli, xəstəlik təsdiqlənirsə müalicəyə başlanılmalıdır. Xəsətəlik yüngül formada olarsa ev xəstə şəraitində müalicə olunur, ağır olarsa hospitalizasiya olunur.
Qeyd edək ki, dünən Səhiyyə Nazirliyi qızılca və məxmərəyə yoluxma ilə bağlı məlumat yayıb. Məlumatda bildirilir ki, Azərbaycan Respublikasında yoluxucu xəstəliklərə qarşı aparılmış genişmiqyaslı profilaktik tədbirlər nəticəsində 2014-cü ildən ölkədə qızılca və məxmərək infeksiyalarına yerli yoluxma halları baş verməyib. Ümumdünya Səhiyyə Təşkilatı ölkəmizi bu infeksiyaların ləğv edildiyi ölkələr siyahısına daxil edib.
2023-cü ilin əvvəlindən başlayaraq Avropa regionunda, həmçinin qonşu ölkələr olan Türkiyə, Rusiya Federasiyası, İran, Qazaxıstan və Gürcüstanda qızılca xəstəliyinin yayılması müşahidə olunur. Bununla əlaqədar, cari ilin ötən dövrü ərzində digər ölkələrdən gətirilmə hadisələrdən qaynaqlanan qızılca infeksiyasına yoluxma halları, əsasən peyvənd olunmayan uşaqlar arasında yayılmaqla, Azərbaycanda da qeyd edilib.
"Məlumdur ki, istənilən yoluxucu xəstəliyin qarşısının alınması xəstəliyə yoluxub sonradan ondan müalicə olunmaqdan daha səmərəlidir. Məhz bu səbəbdən də, ölkədə qüvvədə olan "Profilaktik peyvəndlər təqvimi"nə əsasən uşaqların bir sıra yoluxucu xəstəliklərə, o cümlədən, qızılcaya qarşı vaksinasiyası həyata keçirilir. Uşaqların sağlamlığının qorunması və qızılca xəstəliyinə yoluxma hallarının qarşısının alınması məqsədilə hər hansı səbəbdən peyvənddən kənar qalan uşaqların yaşayış yeri üzrə uşaq əhalisinə ambulator-poliklinik xidmət göstərən tibb müəssisələrində qızılca, epidemik parotit və məxmərək infeksiyaları əleyhinə QPM vaksini ilə peyvənd edilməsi tövsiyə olunur" - məlumatda bildirilir.
Qeyd edək ki, qızılca - ən yoluxucu viral xəstəliklərdən biridir. Bu, uşaq xəstəliyi hesab olunsa da, böyüklər də ona qarşı həssasdırlar. Hava-damcı yolu ilə ötürülən infeksiya otit, meningit və ensefalit kimi fəsadlarına görə ölümcül təhlükəlidir. Mütəxəssislərin fikrincə, son 20 ildə dünyada peyvənd vasitəsilə qızılcadan 30 milyondan çox ölümün qarşısı alınıb.