BAKI, 18 oktyabr — Sputnik. Yaxın Şərq ölkələrinin və dünyanın bir sıra bölgələrinin sakinləri çərşənbə günü Qəzzadakı xəstəxanaya endirilən zərbəyə görə İsrailə qarşı etiraz aksiyası keçiriblər. Bu barədə "The Times of İsrael" xəbər verir.
Xüsusilə İordan çayının qərb sahilində fələstinlilər ümumi tətil elan ediblər - mağazalar, banklar və universitetlər bağlanıb.
Livan və İordaniyada etirazçılar Fələstin bayraqları ilə küçələrə çıxaraq İsrail əleyhinə şüarlar səsləndiriblər. Bundan əlavə, çərşənbə günü İran və Türkiyədə də nümayişlər keçirilir.
Tunisin çoxsaylı sakinləri də Qəzza zolağındakı xəstəxanaya edilən hücuma etiraz ediblər. Nümayiş Fransanın Tunisdəki səfirliyi qarşısında keçirilib.
Misir Xarici İşlər Nazirliyi insidentdə İsraili günahlandırıb və Təl-Əvivi Qəzza zolağının sakinlərinə qarşı kollektiv cəza siyasətinə son qoymağa çağırıb.
İran Prezidenti İbrahim Rəisi də Qəzza zolağında xəstəxanaya endirilən zərbəyə görə İsraili ittiham edib.
BMT-nin Baş katibi Antonio Quterres Qəzzada xəstəxanaya edilən hücumu pisləyib, lakin hücumun arxasında kimin dayandığına dair heç bir şey deməyib.
Avropa Komissiyasının (AK) sədri Ursula Von der Lyayen xəstəxanaya endirilən zərbəni "dəhşətli" adlandırıb. O, mülki vətəndaşlarla dolu xəstəxananı vurmağın heç bir əsasının olmadığını söyləyib.
"Bütün faktları müəyyən etmək və bütün günahkarları məsuliyyətə cəlb etmək lazımdır", - deyə Von der Lyayen bildirib.
Almaniya kansleri Olaf Şolts Qəzza zolağında xəstəxanaya edilən hücumdan şoka düşdüyünü bildirib və hadisə ilə bağlı araşdırma aparılmasını istəyib.
İngiltərənin xarici işlər naziri Ceyms Kleverli insanları faciə ilə bağlı tələsik nəticə çıxarmamağa çağırıb.
"Dünən çox sayda insan Əl-Əhli xəstəxanasında insanların faciəli ölümü ilə bağlı nəticə çıxarmağa tələsib... Faktları gözləyin, onları haqqında aydın və dəqiq məlumatlar verin", - deyə Kleverli "X" sosial şəbəkədə yazıb.
Oktyabrın 17-də Qəzza zolağında Əl-Əhli xəstəxanası hücuma məruz qalıb. Qəzzanın Səhiyyə Nazirliyi əksəriyyəti qadın və uşaq olmaqla 500-dən çox insanın öldürüldüyünü bildirib. Münaqişə tərəfləri bir-birini günahlandırdılar: Fələstində hücumun İsrail təyyarələri tərəfindən edildiyini, İsraildə isə Fələstinin "İslami Cihad" qruplaşması tərəfindən uğursuz buraxılan raketin xəstəxanaya düşdüyünü bildiriblər.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.