Azərbaycanda keçiriləcək Türkiyə Respublikasının yaradılmasının 100-cü ildönümünə həsr olunmuş birgə taktiki təlimin müxtəlif epizodlar üzrə fəaliyyətləri məşq etdirilir.
Azərbaycan Müdafiə Nazirliyindən bildiriblər ki, plana uyğun olaraq, daimi dislokasiya məntəqələrindən cəmləşmə rayonlarına çıxarılan Quru Qoşunlarının, həmçinin Raket və Artilleriya Qoşunlarının bölmələri atəş mövqelərini tutaraq qurğuların döyüş tətbiqinə hazırlanması üzrə tapşırıqları yerinə yetiriblər.
Əsas diqqətin qoşunların qarşılıqlı əlaqədə fəaliyyətləri zamanı döyüş uzlaşmasının təmin edilməsi, idarəetmənin təkmilləşdirilməsi, təcrübə mübadiləsi və şəxsi heyətin peşəkarlığının artırılmasına yönəldildiyi iki qardaş ölkənin birgə təlimi 23-25 oktyabr tarixlərində keçiriləcək.
Xatırladaq ki, bundan öncə Azərbaycan Müdafiə Nazirliyi məlumat yaymışdı ki, Azərbaycanda keçiriləcək Türkiyə Respublikasının yaradılmasının 100-cü ildönümünə həsr olunmuş birgə taktiki təlimə cəlb edilən qardaş ölkənin Silahlı Qüvvələrinin bir qrup hərbi qulluqçusu və aviasiya vasitələri ölkəmizdədir.
Birgə taktiki təlimin 23-25 oktyabr tarixlərində Bakı şəhəri, Naxçıvan Muxtar Respublikası və azad edilmiş ərazilərimiz də daxil olmaqla bir neçə istiqamətdə keçirilməsi planlaşdırılır.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.