BAKI, 18 oktyabr — Sputnik. Qərbi Azərbaycan İcması Avstraliya hökumətinin 2023-cü il oktyabrın 17-də verdiyi anti-Azərbaycan açıqlamasını rədd edir. Bu barədə təşkilatın yaydığı məlumatda bildirilir.
Bununla əlaqədar İcmanın yaydığı bəyanatda deyilir ki, aborigen xalqları məhv etmiş, bu günə qədər də onların hüquqlarını tanımayan, vaxtilə BMT-nin Yerli xalqların hüquqları üzrə bəyannaməsinin əleyhinə səs vermiş nadir dövlətlərdən biri olan, saxta ittihamlarla İraqın işğalında iştirak etmiş Avstraliya Azərbaycana "öyüd-nəsihət" verəcək axırıncı ölkələrdən biri ola bilər.
Qeyd edilir ki, bu günlərdə aborigen xalqların konstitusion hüquqlarının tanınmasının əleyhinə səs vermiş bir ölkənin Azərbaycandan "gözləntilər"i, BMT-nin İnsan Hüquqları Şurasında özü düşüncəsində olan ölkələrə qoşularaq Azərbaycana qarşı çıxış etməsi riyakarlıqdan başqa bir şey deyildir. Avstraliya belə zərərli bəyanatlar vermək əvəzinə, aborigenlerlə barışıq istiqamətində real addımlar atmalıdır. Avstraliya ölkələrə və məsələlərə dini və etnik simpatiya əsasında yanaşmağa və səlibçi mentalitinə son qoymalıdır.
Xatırladaq ki, Qərbi Azərbaycan İcması 1989-cu ildən fəaliyyət göstərən "Azərbaycan Qaçqınlar Cəmiyyəti" İctimai Birliyinin hüquqi varisidir. Avqustun 3-də İctimai Birliyin adı dəyişdirilərək "Qərbi Azərbaycan İcması"na çevrilib, İcmanın yeni Nizamnaməsi təsdiq olunub. İcmada Müşahidə, Ağsaqqallar, Ziyalılar, Qadınlar və Qəyyumlar şuraları, İdarə Heyəti, Nəzarət-Təftiş Komissiyası, Gənclər Birliyi, xarici ölkələrdəki nümayəndəliklər kimi strukturlar yaradılıb və seçkilər keçirilib.
Təşkilat 1989-cu ildən Qərbi Azərbaycan qaçqınlarının problemləri ilə məşğul olan və 1988-1991-ci illərdə qaçqın düşən azərbaycanlılar barədə faktların və sənədlərin toplandığı və saxlandığı yeganə ictimai qurumdur. 1988-1991-ci illərdə Qərbi Azərbaycandan qovulmuş 50 mindən çox ailənin 20 minə qədərinə dəymiş ziyan hesablanıb və hazırda bu işlər davam etdirilir. Həmin illərdə Qərbi Azərbaycanda 300-ə yaxın yaşayış məntəqəsindən qovulan qaçqınların hər bir ailə üzrə (ad, soyad, ata adı) dəqiq statistikası aparılıb, 130 kəndin siyahısı tamamlanıb. Təşkilat Qərbi Azərbaycanda tarixi və mədəni irsimizin bütün nümunələrinin dəqiq siyahısının hazırlanmasını davam etdirir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.