BAKI, 17 oktyabr — Sputnik. Analitiklərin fikrincə, Avropa sakinlərinin, demək olar ki, üçdə biri su təchizatı ilə bağlı problemlər yaşamağa başlayıb ki, bu da zamanla daha da pisləşəcək. Vəziyyət artıq böhran adlandırılıb.
Bu barədə Avropanın Euronews telekanalı xəbər verib.
Hazırda dünyada 3,5 milyarddan çox insan müxtəlif dərəcədə su qıtlığından əziyyət çəkir. Belə problemlərlə ən çox Afrika və Yaxın Şərqin sakinləri üzləşir, lakin bu o demək deyil ki, planetin digər regionlarının əhalisi su qıtlığı ilə təhdid edilmir.
Alimlər təsdiq edirlər ki, 2030-cu ilə qədər dünya əhalisininsayı 8,5 milyard nəfəri keçəcək və bu, təkcə insanların ehtiyaclarını ödəmək üçün deyil, həm də kənd təsərrüfatı, sənaye və enerji sektoru üçün zəruri olan su ehtiyatlarına təzyiqin əhəmiyyətli dərəcədə artmasına səbəb olacaq. Eyni zamanda, su qıtlığına təkcə əhalinin artımı deyil, həm də insanların ehtiyaclarının artması təsir göstərir.
"Orta sinif və çoxşaxəli istehlakçılar artır. Onlar daha çox maddi sərvət tələb edəcəklər, təkcə yemək deyil, telefon kimi, əslində çox su tələb edən əşyalar da tələb edəcəklər. Buna görə də su qıtlığına səbəb olan təkcə iqlim dəyişikliyi deyil," – deyə London Kral Kollecinin ətraf mühit siyasəti üzrə professoru Naho Mirumaçi müsahibəsində izah edib.
Onun sözlərinə görə, bu il Avropada quraqlıqdan ən çox İspaniya əziyyət çəkib, lakin hətta "yağış və duman ölkəsi" kimi tanınan Böyük Britaniyada da su qıtlığı kifayət qədər güclü hiss olunub.