BAKI, 16 oktyabr — Sputnik. Ukrayna Prezidenti Vladimir Zelenski Fələstin-İsrail münaqişəsinin kəskinləşməsi fonunda İsrailə səfər etmək istəyini bildirsə də, İsrail hakimiyyəti Kiyevə belə bir səfərin uygun olmadığını açıq şəkildə bildirib.
Bu barədə "TASS" İsrailin "Ynet" portalına istinadən xəbər verib.
Portalın məlumatına görə, ötən həftə Avropaya səfər edən Ukrayna prezidenti münaqişənin kəskinləşməsindən bəri ikinci dəfə yəhudi dövlətinə gələn ABŞ dövlət katibi Entoni Blinkenlə birlikdə İsrailə getmək istəyib. "Ynet" qeyd edib ki, İsrail tərəfi Ukraynaya Zelenskinin indi belə bir səfərinin "uyğun vaxt olmadığını" bildirib.
Qeyd edilib ki, hazırkı imtina "Zelenskinin İsrailə ümumiyyətlə gəlməyəcəyi anlamına gəlmir". "Ynet"in məlumatına görə, belə bir səfər daha sonra da baş tuta bilər və Ukrayna prezidentinin Avropa ölkələrinə sonrakı turlarından biri ilə bu səfər birləşdirilə bilər.