BAKI, 16 oktyabr — Sputnik. Moskva və Pekin hər zaman müxtəlif məsələlərdə kompromis tapa biləcəklər, çünki ölkələrin münasibətləri xoşməramlılıq üzərində qurulub.
Bunu Rusiya Prezidenti Vladimir Putin Rusiya və Çinin sərhədlərinə yenidən baxılması məsələsinin necə həll olunduğu barədə danışarkən deyib.
"Əsasda həmişə xoş niyyət olub. Biz 40 il ərzində indiyədək həll olunmayan sərhədlərin demarkasiyası məsələlərini belə həll etdik", - deyə Rusiya lideri bildirib.
Onun sözlərinə görə, Moskva və Pekin "bir-biri üçün məqbul olan bütün kompromisləri" tapıblar, çünki hər iki tərəfdə "bu və ya digər şəkildə bir yerdə irəliləməyimizə mane ola biləcək hər şeyi aradan qaldırmaq istəyimiz var".
Xatırladaq ki, Putin eyni müsahibəsində Çin və Rusiyanın dünya quruluşuna ABŞ-dan fərqli baxdığını və bütün insanların bərabərliyindən çıxış etdiyini söyləyib.