BAKI, 16 oktyabr — Sputnik. Dünya bazarlarında neft qiymətləri nisbətən ucuzlaşıb.
Ötən həftə Yaxın Şərqdə baş verən gərginlik neft qiymətlərini kəskin yüksəltsə də bu gün qiymətlər əsasən sabitləşib.
Münaqişə ilə bağlı dünyanın ən böyük neft hasil edən regionunda tədarük narahatlıqları keçən həftə qiymətlərdə dalğalanmalara səbəb olub. Nəticədə neftin qiymətləri yüksək səviyyədə qərarlaşıb.
"Brent" nefti 0,3% ucuzlaşaraq 90,51 dollara, Qərbi Texas nefti 0,4% ucuzlaşaraq 85,97 dollara düşüb.
Qeyd edək ki, dünya bazarlarında neft qiymətləri təxminən 6% bahalaşıb. "Brent" markalı neft fevraldan bəri ən yüksək həftəlik qazancını əldə edib. Çünki investorlar İsrailin Qəzza zolağında quru əməliyyatlarına başlaması ilə Yaxın Şərqdəki münaqişənin genişlənə biləcəyindən narahatdırlar.
ABŞ-nin Rusiya neftini daşıyan tankerlərin sahiblərinə qarşı ilk sanksiyaları da neftin qiymətlərini qaldırıb.
Xatırladaq ki, ötən həftənin sonunda "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 2,59 ABŞ dolları, yaxud 2,8 % artaraq 95,06 ABŞ dolları təşkil edib.
Səudiyyə Ərəbistanı iyul ayından etibarən həyata keçirilən gündəlik neft hasilatının könüllü olaraq 1 milyon barel azaldılmasını ilin sonuna qədər davam etdirəcəyini açıqlayıb. Həmçinin Rusiya Baş nazirinin müavini Aleksandr Novak ilin sonuna qədər neft ixracını könüllü olaraq gündəlik 300 min barel azaldılacağını bildirib.
Həm Beynəlxalq Enerji Agentliyi, həm də Neft İxrac Edən Ölkələr Təşkilatı ilin sonuna qədər davam edə biləcək tədarük kəsiri ilə bağlı narahatlıqlarını ifadə edib.
"Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb.
2022-ci ildə "Azeri Light" markalı neftin bir barelinin orta satış qiyməti 103,58 dollar təşkil edib. 2021-ci ilin göstəricisi ilə müqayisədə ötən il "Azeri Light" nefti 44,6% bahalaşıb.
2022-ci il ərzində "Azeri Light" markalı neftin ən yüksək qiyməti 8 mart tarixində bir barel üçün 135,99 dollar, ən aşağı qiyməti isə 8 dekabr tarixində 78,07 dollar olub.