BAKI, 16 oktyabr — Sputnik. Xarici işlər naziri Sergey Lavrov oktyabrın 18-19-da Koreya Xalq Demokratik Respublikasına rəsmi səfər edəcək. Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.
"Oktyabrın 18-19-da KXDR Xarici İşlər Nazirliyinin dəvəti ilə Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrov Koreya Xalq Demokratik Respublikasında rəsmi səfərdə olacaq", - məlumatda deyilir.
Şimali Koreya lideri Kim Çen In 2019-cu ildən bəri ilk dəfə sentyabr ayında Rusiyaya səfər edib. Rusiya prezidenti Vladimir Putin onunla sentyabrın 13-də Vostoçnı kosmodromunda görüşüb. Prezidentin mətbuat katibi Dmitri Peskov qeyd edib ki, danışıqların yekunlarına görə, liderlərin görüşü çərçivəsində iki ölkənin xarici işlər nazirləri yaxın gələcəkdə görüşmək barədə razılığa gəliblər. Daha sonra o, Lavrovun Pxenyana səfərinin hazırlanacağını və bu səfərin oktyabrda baş tutmasının gözlənildiyini bildirib.