İQTİSADİYYAT

Gürcüstan hökuməti Anakliya limanının səhm paketinin 51 faizini alacaq

Müsabiqə əsasında iki xarici şirkətdən biri - İsveçrə-Lüksenburq şirkəti və ya Çin-Sinqapur konsorsiumu limanın tikintisini həyata keçiricək.
Sputnik
BAKI, 16 oktyabr - Sputnik. Gürcüstan hökuməti Anakliya dərin özüllü dəniz limanının səhm paketinin 51 faizini almaq niyyətindədir. Limanın tikintisi üçün 2024-ci ilin dövlət büdcəsində 2,4 milyon lari (təxminən 900 min dollar) nəzərdə tutulub. Bu barədə Azərtac xəbər yayıb.
Yeni limanın tikintisinə 2017-ci ilin dekabrında başlansa da, tikinti işləri sonradan dayandırılıb.
2020-ci ilin yanvarında səlahiyyətlilər investoru maliyyə öhdəliklərini yerinə yetirməməkdə günahlandıraraq Anakliya İnkişaf Konsorsiumu ilə müqaviləni ləğv edib.
Bir müddət əvvəl Gürcüstanın Baş nazirinin müavini və iqtisadiyyat naziri Levan Davitaşvili bildirmişdi ki, müsabiqə əsasında iki xarici şirkətdən biri - İsveçrə-Lüksenburq şirkəti və ya Çin-Sinqapur konsorsiumu limanın tikintisini həyata keçiricək.
Müsabiqənin nəticələri 2024-cü ilin sonuna kimi məlum olacaq. Bununla yanaşı, 2023-cü ildə dövlət tikinti işlərinin hazırlanmasına 20 milyon lari xərcləyəcək.
Gürcüstan hökuməti Anakliya kurort kəndində ölkədə ilk dərin özüllü dəniz limanının tikintisi layihəsinin bərpa olunduğunu elan etdikdən sonra 2023-cü ilin martında "Anaklia Sea Port" MMC dövlət şirkəti yaradılıb.
Hökumət ölkənin tranzit potensialını artırmaq və 2016-cı ildə Şərqlə Qərbi birləşdirməli olan Yeni İpək Yolu layihəsinə qoşulmaq üçün Anakliyada dərin su limanının tikintisi barədə qərar qəbul edib.
Qeyd edək ki, hazırda Gürcüstanda iki liman - Batumi və Poti limanları fəaliyyət göstərir.
Bu gün əsas yük axını Potidən keçir. Lakin bu liman da 1,5 min konteynerdən çox tutumu olan gəmiləri qəbul edə bilmir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
İQTİSADİYYAT
Anakliya limanı - Azərbaycan layihəni canlandıra bilərmi və bu, Bakı üçün niyə vacibdir?