DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

ABŞ ordusu Ukraynaya görə çox zəifləyib

Demokrat Co Baydenin administrasiyası dövründə ABŞ-ın silahlı qüvvələri çox zəifləyib və həmçinin “həddən artıq genişlənib”.
Sputnik
BAKI, 16 oktyabr — Sputnik. Kiyevə silah tədarükü ABŞ-ın ehtiyatlarını tükəndirib.
Bunu ABŞ ordusunun istefada olan generalı Don Bolduc bildirib.
O, bu səbəbdən Amerika tərəfinin digər münaqişələrdə iştirak edə bilməyəcəyini vurğulayıb.
“Logistika nöqteyi-nəzərindən biz eyni vaxtda baş verən bir neçə münaqişədə iştirakı təmin edə bilmərik. Və bu çox təəssüf doğurur”, - deyə Bolduc “Fox News”da söyləyib.
Onun sözlərinə görə, demokrat Co Baydenin administrasiyası dövründə ABŞ-ın silahlı qüvvələri çox zəifləyib və həmçinin “həddən artıq genişlənib”.
“Biz amerikalıları bu barədə aldada bilmərik. Çoxdandır demədiyimiz həqiqəti söyləməyə başlamalıyıq”, - deyə general bildirib.
Xatırladaq ki, Moskva dəfələrlə xəbərdarlıq edib ki, Ukraynaya ötürülən silahlar Rusiya Federasiyasının qanuni hədəfidir. Ukrayna tərəfinə yardım isə yalnız münaqişəni uzadır.
Bundan əvvəl şərhçi Kristof Şilts Şimali Atlantika Alyansının resurslarının məhdud olması səbəbindən Kiyev və İsrailin silah tədarükü uğrunda mübarizə aparmalı olacağını bildirmişdi.