BAKI, 15 oktyabr — Sputnik. Şəhidlərin uyuduğu məkan hər kəs üçün müqəddəsdir. Vətənin azadlığı uğrunda istər 44 günlük savaşda istərsə də birinci qarabağ müharibəsində canlarından keçən şəhidlərimiz qəlblərdə əbədi yuva salıb.
Ölkəmizin hər yerində şəhidlərə abidələr ucaldılıb, xatirə löhvəhələri asılıb. Tovuz rayonunun yenilənmiş Şəhidlər Xiyabanı öz şəhid sayı və nəhəngliyi ilə diqqəti cəlb edir. Burada tikilən böyük lövhə üzərində 300-dən çox Birinci Qarabağ müharibəsi, mülki və 44 günlük vətən müharibəsi şəhidlərinin adı və fotosu həkk edilib. Onların hər biri haqqında məlumat yer alıb.
Tovuz Şəhidlər xiyabanı
© Sputnik / Ilham Mustafa
Tovuz Şəhidlər xiyabanında hazırlanan lövhənin bir maraqlı cəhəti də onların şəhadətə ucalma tarixinin ardıcıllığı ilə vurulmasıdır.
Tovuzlular da mütəmadi olaraq xiyabanı ziyarət edir, oranın təmirində, təmizlənməsində könüllü iştirak edirlər. Rayon sakini Vüsal Quliyev rayonda belə bir xiyabanın hazırlanmasını qürurverici hesab etdiyini deyib:
“Biz rayonumuzda olan şəhidlərin sayını təbii ki, bilirdik. Amma onları bir lövhə üzərində, bir kompleks şəklində yığılması həqiqətən də qürurvericidir. Bu abidənin hazırlanması bizə vətəni daha çox sevməyi, daha çox qorumağı aşılayır”, - deyə o bildirib.
Tovuz Şəhidlər xiyabanı
© Sputnik / Ilham Mustafa
Digər sakin Fikrət Məmmədov da buranın tovuzlu gənclər üçün müqəddəs yer olduğunu söyləyib:
“Bura bizim gənclər üçün bir müqəddəs yerdir. Tez tez şəhidlər xiyabanına baş çəkirlər. Buradakı gül-çiçəklərdən də bəlli olur ki, xiyabanı ziyarət edənlər çoxdu. Məktəb uşaqları, sakinlər, iş admları gəlir ziyarət edir. Onlar Azərbaycanı gələcək nəsillərə yadigar qoyub gediblər. Onların canı-qanı bahasına Qarabağımızı azad etdik, vətənimizi bütovləşdirdik. Bu eyni zamanda gələcək nəsillər qarşısında fəxarətdir”, - deyə rayon sakini fikrini ifadə edib.
Ehtiyatda olan zabit Nizami Məmmədov 30 il əvvəl salınan şəhidlər xiyabanında bu abidənin ucaldılmasını önəmli sayır. O ziyarətə gələnlərin eyni vaxtda Tovuzun bütün şəhidləri haqda məlumat ala bildiklərini deyib:
“Tovuz sərhəd bölgəsi olduğundan şəhidimiz daha çox olub. Lövhələrdən də görünür ki, onların mühim hissəsi mülki şəhidlərdir. Qürurvericidir ki, Qarabağın açarı da Tovuzdan başladı. İyul döyüşləri başlayarkən respublikanın bütün bölgələrindən hamı səfərbər oldu. Azərbaycan xalqı Müzəffər Ali baş komandanın rəhbərliyi altında Qarabağı mənfur ermənilərdən azad etdilər”-deyə bildirib.
Qarabağ zəfəri ilə bir dastan yazan nur üzlü şəhidlər indi baxışları ilə qarşılayır onları ziayrətə gələnlərə. Gələcək nəsillər, körpələr, məktəblilər onların keçdiyi döyüş yolunu öyrənməli, tanımalı, qəhrəmanlıqlarını özlərinə bir nümunə seçməlidirlər.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.