CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

İlham Əliyevin birinci müddətə Azərbaycan Prezidenti seçilməsindən 20 il ötür

Dövlətimizin başçısının 20 illik hakimiyyəti dövründə Azərbaycanın keçdiyi inkişaf yolunun bəzi məqamları barədə materialda oxuyun.
Sputnik
BAKI, 15 oktyabr - Sputnik. Xalqımızın yeni əsrdə yeni lideri olan İlham Əliyevin Azərbaycan Prezidenti seçilməsindən 20 il ötür. 2003-2023-cü illər ölkəmizin tarixinə yüksəliş dövrü kimi daxil olub. Bu gün Ulu Öndər Heydər Əliyevin zəngin dövlətçilik təcrübəsinin əsaslarını dərindən mənimsəmiş, xalqına xidməti həyat amalına çevirmiş, Azərbaycanın dövlət müstəqilliyinin və dinamik inkışafının qarantı olduğunu əyani şəkildə sübuta yetirmiş İlham Əliyev kimi müdrik, qətiyyətli və mahir siyasətçi rəhbərlik edir.
Prezident İlham Əliyevin 20 illik hakimiyyəti dövründə Azərbaycanın keçdiyi misilsiz inkişaf yolunun bəzi məqamlarına nəzər salaq.
Müstəqilliyini günbəgün, ilbəil möhkəmləndirən Azərbaycan dövlətinin tarixində Prezident İlham Əliyevin qızıl hərflərlə yazdığı şanlı səhifələrin sayı getdikcə artır. Əsrə bərabər 20 ilin zirvəsində təbii ki, işğal altındakı torpaqlarımızın azad olunması, ərazi bütövlüyümüzün bərpası ilə nəticələnmiş Vətən müharibəsi dayanır. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılmış Qarabağ Zəfəri xalqımızın qəhrəmanlıq tarixinə əbədi yazıldı. Otuz ilə yaxın işğal altında qalmış torpaqlarımız 44 gün ərzində azad olundu. Qarabağın tacı, döyünən ürəyi olan Şuşanın fəthi tariximizə Zəfər Günü kimi yazıldı. İki gün sonra isə işğalçı Ermənistan kapitulyasiya aktına imza atmağa məcbur oldu. Beləliklə, BMT Təhlükəsizlik Şurasının 27 il kağız üzərində qalmış qətnamələrini Azərbaycan özü icra etdi.
İlham Əliyev, arxiv
Dünya hərb tarixində xüsusi yer tutan bu müharibə Prezident İlham Əliyevin daha bir keyfiyyətini – sərkərdəlik məharətini üzə çıxardı. O, əməliyyatlara şəxsən nəzarət edir, döyüşən orduya tapşırıqları birbaşa özü verirdi. Qələbəni şərtləndirən mühüm amillərdən biri də Azərbaycan Prezidentinin diplomatiya müstəvisində çevik siyasəti oldu. Müharibə dövründə Prezident İlham Əliyev xarici KİV-ə otuzadək müsahibə verdi ki, bu da münaqişə və Qarabağla bağlı həqiqətlərin beynəlxalq ictimaiyyətə çatdırılmasında mühüm rol oynadı.
Dövlətimizin başçısı Azərbaycanın iqtisadi və hərbi qüdrətinin, beynəlxalq nüfuzunun gücləndirilməsi yolunda böyük inam və qətiyyətlə çalışdı, nəhayət üçrəngli bayrağımızın 30 ildən sonra Qarabağda, Şərqi Zəngəzurda yenidən dalğalanmasına nail oldu. Azərbaycan qalib ölkəyə, xalqımız qalib xalqa çevrildi. Bu Qələbə sayəsində regionda yeni reallıqlar yarandı.
Bu il sentyabrın 19-da rəşadətli Ordumuzun Qarabağda başlatdığı lokal xarakterli antiterror tədbirlərinin qısa müddətdə öz müsbət nəticəsini verməsi, qarşıya qoyulan hədəflərə cəmi 24 saatda nail olunması Azərbaycanın növbəti tarixi Qələbəsidir. Bu, bir daha göstərir ki, Azərbaycan regionda prosesləri diktə edən tərəfdir, sülh və sabitliyin əsas təminatçısıdır. Bu, eyni zamanda, Prezident İlham Əliyevin qətiyyəti, müdrik və uzaqgörən siyasətinin məntiqi nəticəsi, dövlətimizin başçısının ətrafında “dəmir yumruğ”a çevrilmiş xalqımızın daha bir tarixi Zəfəri oldu.
Azərbaycanın Qarabağ bölgəsində yerləşən Ermənistan silahlı qüvvələrinin birləşmələri, qeyri-qanuni erməni silahlı dəstələri silahı yerə qoyması, döyüş mövqelərindən və hərbi postlardan çıxması və tərk-silah olunması, separatçı rejimin özü-özünü buraxması, eyni zamanda, paralel şəkildə bütün silah-sursat və ağır texnikanın təhvil verilməsi ilə bütün ölkə ərazisində suveren hüquqlarımız tam və qəti şəkildə bərqərar oldu.
Qurucu lider olan Prezident İlham Əliyev işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdışın reallaşması üçün inanılmaz qətiyyət və əzmkarlıq göstərir. Görülən bütün işlər Azərbaycan xalqının, Azərbaycan vətəndaşının daha xoş güzəranını qurmaq, sabahını daha firavan etmək məqsədi daşıyır. Vətəndaşlar da öz növbəsində Prezidentinə qəlbən inanır, taleyini ona etibar edir, ona güvənir, harada, hansı ölkədə yaşamasından asılı olmayaraq, öz liderinin dəstəyini, gücünü hiss edir və bundan qürur duyurlar.
(Azərtac-ın materialı əsasında)
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.