MƏDƏNİYYƏT

Bu gün Məmməd Arazın yubileyidir

Məmməd Araz yaradıcılığının baş qəhrəmanı Azərbaycandır.
Sputnik
BAKI, 14 oktyabr - Sputnik. Bu gün xalq şairi Məmməd Arazın doğum günüdür.

Məmməd Araz (Məmməd İnfil oğlu İbrahimov) 1933-cü il oktyabr ayının 14-də Şahbuz rayonunun Nursu kəndində anadan olub. Burada orta məktəbi bitirdikdən sonra Azərbaycan Pedaqoji İnstitutunda təhsil alıb. Tələbəlik illərində institutda yazıçı İsmayıl Şıxlının rəhbərlik etdiyi ədəbiyyat dərnəyinin məşğələlərində fəal iştirak edib. Burada bəyənilən "Yanın, işıqlarım" şeiri 1952-ci ildə çap edilib. 1954-cü ildə ali təhsilini başa vuran Məmməd Araz əmək fəaliyyətinə doğma kəndindəki orta məktəbdə müəllimliklə başlayıb. Bakıya köçüb Azərbaycan Nazirlər Soveti yanında Baş Mətbuat İdarəsində müvəkkil işləyib.

1959-1961-ci illərdə Moskvada Yazıçılar İttifaqı nəzdindəki Ali ədəbiyyat kurslarının müdavimi olub. Sonra "Ulduz" jurnalının məsul katibi, "Ədəbiyyat və incəsənət" qəzetində, Azərbaycan Dövlət Nəşriyyatında baş redaktorun müavini olub.

"Vətən mənə oğul desə, nə dərdim" şeiri ilə əsl vətənpəvlik göstərən şair Vətən üçün canını verməyə həmişə hazır olduğunu bəyan edib:

Vətən mənə oğul desə, nə dərdim,
Mamır olub qayasında bitərdim.
Bu torpaqsız harda, nə vaxt, nə dərdim -
Xəzanımdır, xəzanımdır, xəzanım.
Onun "Dünya sənin, dünya mənim..." şeirində isə hər şeyin faniliyindən söz açılır:
Bir taleyin oyununda cütlənmiş zərik,
Yüz il qoşa atılsaq da qoşa düşmərik.
Bir zərrənin işığına milyonlar şərik,
Dünya sənin,
Dünya mənim,
Dünya heç kimin...

Məmməd Araz 1974-cü ildən ömrünün sonuna kimi "Azərbaycan Təbiəti" jurnalının baş redaktoru olub. Uzun müddət Yazıçılar İttifaqının poeziya bölməsinə rəhbərlik edib. Xidmətlərinə görə Azərbaycan Respublikasının İstiqlal ordeni (1995) və Azərbaycan Ali Soveti Rəyasət Heyətinin Fəxri fərmanları ilə təltif edilib. Hacı Zeynalabdin Tağıyev adına milli mükafatın laureatıdır (1992). Adına "Məmməd Araz" mükafatı təsis olunub (1993-cü ildən).
Ümummilli lider Heydər Əliyev Xalq şairi, poeziyamızın istedadlı nümayəndəsi Məmməd Araz yaradıcılığına və şəxsiyyətinə daim yüksək qiymət vermişdir. Təsadüfi deyil ki, Məmməd Araz ilk yaradıcılığa ötən əsrin 50-ci illərindən başlasa da, onun təkrarsız istedadı 1970-ci illərdə, Ulu Öndərin Azərbaycana rəhbərliyinin birinci dövründə parlamışdır. Məmməd Araza böyük şöhrət gətirən “Atamın kitabı”, “Həyatın və sözün rəngləri”, “Oxucuya məktub”, “Qanadlı qayalar”, “Aylarım, illərim” kitabları məhz bu illərdə çap olunub, əsərləri xarici dillərə tərcümə edilərək geniş oxucu kütləsinin məhsuluna çevrilib. 1975-ci ildə Azərbaycan Ali Soveti Rəyasət Heyətinin Fəxri Fərmanı ilə təltif olunan böyük şairə 1978-ci ildə “Əməkdar mədəniyyət işçisi” fəxri adı verilib, 1995-ci ildə isə ümummilli lider Heydər Əliyev Xalq şairi Məmməd Arazı “İstiqlal” ordeni ilə təltif edib.
Ulu Öndər Məmməd Araz sənətini yüksək dəyərləndirərək deyib: “Bu gün bir daha Məmməd Arazın Azərbaycan xalqının mədəniyyətinə, ədəbiyyatına verdiyi töhfələri gördük, eşitdik və bunların xalqımız üçün nə qədər faydalı olduğunu bir daha bildik, bir daha dərk etdik ki, Azərbaycan xalqının həyatında Məmməd Arazın yaradıcılığının nə qədər böyük əhəmiyyəti var”. Ümidvaram ki, Azərbaycan xalqı daim müstəqilliyini qoruyub saxlayacaq və müstəqil Azərbaycanın ilk “İstiqlal” ordeninə layiq görülmüş şəxsiyyətlərdən biri kimi Məmməd Araz, Azərbaycan xalqının tarixində indi olduğu kimi, gələcəkdə də öz yerini tutacaqdır”.
"Dünya düzəlmir" şeiri də Məmməd Araz yaradıcılığının zirvələrindən sayıla bilər:
Gedir yal davası, sümük davası,
Gedir vurhavurla çəpik davası,
Gedir milyonçunun qəpik davası,
Çürük fikirlərin çürük davası...
Dünya düzəlmir ki, düzəlmir, baba!
2004-ci ilin 1 dekabrında Bakıda vəfat edib və Fəxri Xiyabanda dəfn olunub.