BAKI, 13 oktyabr — Sputnik. Keçən il Azərbaycan ilə MDB ölkələri arasında əmtəə dövriyyəsinin həcmi təxminən 30 faiz artıb. Bu il artım 20 faizdən də çoxdur. Bu sözləri Prezident İlham Əliyev MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında çıxışında söyləyib.
"Azərbaycan MDB-nin bir çox ölkələri üçün tranzit-nəqliyyat sahəsində etibarlı tərəfdaşdır", - deyən dövlətimizin başçısı bildirib ki, MDB-nin bir çox üzv ölkələri Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizləri üzrə Azərbaycanın tranzit imkanlarından fəal istifadə edirlər.
"Bu iki nəqliyyat dəhlizinin ötürmə qabiliyyətinin genişləndirilməsi üzrə həyata keçirilən və perspektiv layihələr ölkələrimizin nəqliyyat təhlükəsizliyinin möhkəmlənməsi işinə və əmtəə dövriyyəsinin artırılmasına xidmət edəcək, - deyə Azərbaycan Prezidenti əlavə edib.
Xatırladaq ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev MDB Dövlət Başçıları Şurasının iclasında iştirak etmək üçün oktyabrın 12-də Qırğız Respublikasına səfərə gedib.
Oktyabrın 12-də Bişkekdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Rusiya Federasiyasının Prezidenti Vladimir Putin ilə görüşü olub.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.