İQTİSADİYYAT

Mərkəzi Bank kreditləşmə ilə bağlı tənzimləyici dəyişikliklər edib

Dəyişikliklərə əsasən, iri layihələrin banklar tərəfindən maliyyələşməsini stimullaşdırmaq üçün xüsusi meyarlara cavab verən layihə maliyyələşdirilməsi kreditləri tam təminatlı kreditlər hesab edilib.
Sputnik
BAKI, 13 oktyabr — Sputnik. Azərbaycan Mərkəzi Bankı (AMB) real sektorun kreditləşməsi ilə bağlı tənzimləyici dəyişikliklər edib. Bu barədə AMB-dən bildirilib.
Bildirilir ki, dəyişikliklərə əsasən, iri layihələrin banklar tərəfindən maliyyələşməsini stimullaşdırmaq üçün xüsusi meyarlara cavab verən layihə maliyyələşdirilməsi kreditləri tam təminatlı kreditlər hesab edilib. Bu kreditlər üzrə faizlərin ödənilməsi dövriliyinin müvafiq layihə müddətlərinə uyğun olduğu müəyyənləşdirilib.
Bu dəyişikliklərlə layihə maliyyələşdirilməsi kreditləri üzrə ehtiyat yükü tənzimlənəcək, həmçinin bu növ kreditlər təminatsız kreditlər üzrə konsentrasiya limitindən istisna ediləcək.
Həmçinin, ekoloji təmiz avtomobillərin maliyyələşdirilməsinə verilmiş kreditlər üzrə borcalanın borc yükü ilə bağlı ehtiyatlanma tələbləri yumşaldılıb, biznes kreditləri üzrə təmin qismində çıxış edən istehsal, ticarət və digər xüsusi avadanlıqlara dair tələblər yumşaldılıb.
Pul sayılması prosesi, arxiv
İstehlak kreditlərində isə borcun gəlirə nisbəti əmsalı müvəqqəti olaraq müəyyən edilə bilinməyən (xüsusilə, iş yerini itirmiş şəxslər) borcalanların restrukturizasiyası imkanı yaradılıb. Eyni zamanda, bununla əlaqədar bankın kredit risklərini minimallaşdırmaq üçün sərt təsnifləşdirmə tələbləri müəyyənləşdirilib.

"Ümumilikdə, son tənzimləmə islahatlarının bank sektoru vəsaitlərinin iqtisadi artımda effektiv rol oynaması, məsuliyyətli borclanma və sağlam kreditləşmə prinsiplərinin möhkəmlənməsi istiqamətində töhfə verəcəyi proqnozlaşdırılır", - AMB-nin açıqlamasında qeyd edilib.

Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.