BAKI, 13 oktyabr — Sputnik. Avropada enerji vəziyyəti son iki ildə kökündən dəyişib. Rusiya boru kəməri yanacağının ixracını azaldıb, avrozona mayeləşdirilmiş təbii qaz (MTQ) idxalını kəskin şəkildə artırıb və bəzi boru kəmərləri tədarükçülərinin payı nəzərəçarpacaq dərəcədə artıb.
Belə ki, Avropa Komissiyasının (AK) məlumatına görə, Azərbaycan bu ilin yanvar-mart aylarında Avropa bazarına 2,8 milyard kubmetr qaz tədarük etməklə Avropa İttifaqına (Aİ) təbii qaz ixracatçılarının ilk beşliyinə daxil olub və bununla da avrozonanın qaz bazarındakı payını 7%-ə çatdırıb.
Azərbaycan qazının Avropa istiqamətində ixracının başlamasından, 2020-ci ilin dekabrından 2023-cü ilin avqustuna qədər Azərbaycan Aİ-yə 27 milyard kubmetrdən çox "mavi yanacaq" göndərib. Eyni zamanda, 2022-ci ilin yaz-yay aylarında, Aİ-də misli görünməmiş enerji böhranı müşahidə olunanda respublika qaz tədarükünü kəskin şəkildə artırıb və bu, "mavi yanacağın" qiymətini 1 min kubmetr üçün təxminən 3 min dollara çatdırıb.
Daha çox qaz: Bakı hazırdır, Aİ düşünür
Qeyd etmək lazımdır ki, Avropa ölkələrinin liderləri Azərbaycan qazının Aİ bazarı üçün əhəmiyyətini tanıyırlar və onun idxalının həcmini artırmağı planlaşdırırlar. Xüsusilə də ittifaqa üzv olan bir sıra dövlətlər Bakı ilə yekun sazişin imzalanması və Azərbaycan qazının alışını artıracaq infrastruktur layihələrinin maliyyələşdirilməsi üçün Brüsselə təzyiq göstərirlər.
İnfoqrafika: Azərbaycandan qaz Balkanlara necə çatacaq
© Sputnik / Elnur Salayev
Bundan başqa, Azərbaycan və Avropa İttifaqı arasında ötən il Enerji Əməkdaşlığı haqqında Memorandum imzalanıb və bunun sayəsində Cənub Qaz Dəhlizinin ötürmə qabiliyyəti iki dəfə artırılacaq, Azərbaycan qazının tədarükü isə 2027-ci ilə qədər ildə 20 milyard kubmetrə çatdırılacaq.
Bundan əlavə, qısamüddətli perspektivdə qaz tədarükünün artırılması üçün bu ilin aprelində Azərbaycan və Aİ-nin dörd ölkəsi - Bolqarıstan, Rumıniya, Macarıstan və Slovakiya arasında memorandum imzalanıb.
Lakin qeyd etmək lazımdır ki, Brüssel və Aİ-nin ayrı-ayrı ölkələri ilə birbaşa imzalanmış sənədlər yalnız qarşılıqlı anlayış memorandumlarıdır. Yəni tərəflər arasında hələ ki, Azərbaycanın və ölkədə qaz hasilatı ilə məşğul olan şirkətlərin yanacaq istehsalını artıra biləcəyi heç bir kommersiya sazişi imzalanmayıb.
Bildiyiniz kimi, qaz hasilatının artırılması prosesi, istər işlənmiş yataqlarda istehsalın artırılması, istərsə də yeni yataqlarda işə başlaması kifayət qədər baha başa gəlir. Eyni zamanda anbarlarda qazı mayeləşdirilməmiş vəziyyətdə neft kimi saxlamaq mümkün deyil. Buna görə də, daha çox qaz hasil edilməzdən əvvəl, yanacağın satışına zəmanət verən "al və ya ödə" prinsipi ilə müqavilə bağlanmalıdır.
Tədarük müddətini, malın tələb olunan həcmini və dəyərini müəyyən edəcək konkret sazişlərin olmaması isə həm Azərbaycanda qaz sektorunun inkişafını, həm də Avropanın enerji təhlükəsizliyinin təmin olunmasını yavaşlayır.
Eyni zamanda, Aİ-də enerji daşıyıcılarının qiymətlərinin sabitləşməsində Azərbaycan qazının rolunu yaxşı bilirlər. Məsələn, 2022-ci ilin oktyabrında Azərbaycan qazının Bolqarıstana tədarükünə başlandıqdan sonra bu ölkədə istehlakçılar üçün "mavi yanacağın" qiyməti xeyli aşağı düşüb. Bolqarıstanın Enerji və Su Təchizatının Tənzimlənməsi Komissiyasının (EWRC) məlumatına görə, bu ilin may ayında Azərbaycandan tədarüklər sayəsində ölkədə əhali üçün təbii qaz tarifləri aprel ayı ilə müqayisədə 21% azalıb.
Üstəlik, Bolqarıstan Azərbaycandan idxalı artırır. Bu ilin iyulunda Bolqarıstan Azərbaycandan 77,3 milyon kubmetr qaz alıbsa, iyunda bu göstərici 74,8 milyon kubmetr olub. Bununla yanaşı, iyul ayında Azərbaycan qazının Sofiya üçün dəyəri iyunda 26,6 milyon avro ilə müqayisədə 23,9 milyon avro təşkil edib ki, bu da 10,2% azalma deməkdir. Yəni Bolqarıstan nəinki daxili bazarda tarifləri aşağı sala bilib, həm də yay istehlakının qızğın vaxında yaxşı endirimlə qaz alıb.
Avropada Azərbaycan qazını almaq istəyənlər çoxdur
Bolqarıstandakı vəziyyət əslində Azərbaycan qazının Avropa bazarında pulsuz reklamıdır. Macarıstan, Rumıniya, Slovakiya, Albaniya, Serbiya və Xorvatiya Xəzər dənizi sahillərindən qaz almaq və ya onun idxalını artırmaq istəklərini bildirirlər.
Azərbaycanın hamıya cavabı eynidir: ölkə hasilatı və ixracı yalnız kommersiya razılaşmaları olduqda artırmağa hazırdır. Müqavilələr də öz növbəsində Brüsselin "yaşıl gündəliyi"nə söykənir, buna görə Avropa yeni karbohidrogen yataqlarına qoyulan investisiyalardan imtina etməli və ümumiyyətlə, qazıntı yanacaqlarından tədricən imtina etməlidir.
İnfoqrafika: Azərbaycanda qaz imkanları
© Sputnik / Elnur Salayev
Eyni zamanda, Brüssel Cənub-Şərqi Avropa ölkələrinə qazıntı yanacaqların necə əvəz olunacağını izah etmir və bərpa olunan enerji mənbələrinin güclərinin inkişafı üzrə layihələrin maliyyələşdirilməsi ilə bağlı yalan vədlər verir.
Sonuncular həmçinin əvvəlki müqavilələrdə nəzərdə tutulmuş Azərbaycan qazının əlavə həcmlərinin idxalı üçün infrastrukturun yaradılması məsələsində hərəkətsizliyə görə də Brüsseli tənqid edirlər.
Belə ki, Macarıstanın xarici işlər və xarici iqtisadi əlaqələr naziri Peter Siyyarto ötən ay Aİ-nin Cənub-Şərqi Avropanın yeddi dövlətinə təzyiq göstərdiyini, onları Rusiya qazından imtina etməyə məcbur etməyə çalışdığını bildirib. Bununla yanaşı, Aİ onlara digər ölkələrdən enerji daşıyıcılarının alınmasının şaxələndirilməsi üçün infrastrukturun yaradılmasına kömək etmək niyyətində deyil.
Borular tankerlərlə əvəz olunur
Enerji təhlükəsizliyinin təmin edilməsi məsələsində Avropa İttifaqı səlahiyyətliləri bərpa olunan enerji mənbələri ilə yanaşı, həm də mayeləşdirilmiş təbii qaza arxalanır, onu boru kəməri ilə əvəz edir.
Belə ki, ötən ilin yekunlarına görə Aİ-yə ümumi MTQ idxalı 1,7 dəfə artaraq 127 milyard kubmetrdən çox olub. Eyni zamanda, 2021-ci ildəki 30%-ə qarşı "mavi yanacaq" idxalının təxminən 52%-i mayeləşdirilmiş qazın payına düşüb.
Qeyd etmək lazımdır ki, Avropanın enerji bazarındakı vəziyyətin ümidsizliyi Rusiyadan boru kəməri qazının idxalını kəskin şəkildə azaltmaqla Aİ-nin Rusiya MTQ-nin alışını artırması ilə göstərilir. "Global Witness"in məlumatına görə, bu ilin yanvar-iyul aylarında Rusiyadan Aİ-yə mayeləşdirilmiş qaz idxalı 40% artaraq 22 milyon kubmetrə çatıb ki, bu da Avropa İttifaqının Rusiya MTQ-nin alınmasında payını 52%-ə çatdırıb.
Lakin ən çox Avropa MTQ-ni Avropadakı enerji böhranının əsas benefisiarı olan ABŞ-dan alıb. AK məlumatlarına görə, həm 2022-ci ildə, həm də 2023-cü ilin birinci yarısında Aİ ölkələri və İngiltərə ABŞ-dan MTQ ixracının əsas istiqaməti olaraq qalıb. Bu ölkələrin payına ABŞ-ın ümumi ixracının 67%-i, beş ölkəyə - Hollandiya, İngiltərə, Fransa, İspaniya və Almaniyaya isə ABŞ-ın ümumi MTQ ixracının yarıdan çoxu düşür.
Boru kəməri qazının istehlakının mayeləşdirilmiş qazın xeyrinə azaldılması siyasəti, şübhəsiz ki, Avropanın enerji təhlükəsizliyi üçün xoşagəlməz nəticələrə səbəb olur, onu həssas və bir sıra səbəblərdən və şərtlərdən asılı edir.
Beləliklə, Avropa birjasında qiymətlər mayeləşdirilmiş qaz bazarındakı dəyişikliklərə dərhal reaksiya verir. Avstraliyadakı MTQ zavodlarında tətillər, Nigeriyadakı müəssisələrdə istehsalın dayandırılması və ya sadəcə olaraq pis hava şəraiti qiymətlərin növbəti artımına səbəb ola bilər.
Uzunmüddətli müqavilələr və sabit qiymətlərlə həyata keçirilən boru kəmərlərinin tədarükündən fərqli olaraq, MTQ satışı hazırda mövcud olan qiymətlərlə qısamüddətli öhdəliklər üzrə həyata keçirilir. Bundan əlavə, mayeləşdirilmiş qaz tədarükünün hərəkətliliyi onun ixracının qeyri-sabitliyinə səbəb olur - tədarükçülər artıq bağlanmış müqavilələrdən imtina edə və yanacağın qiymətinin daha yüksək olduğu bazara göndərə bilərlər.
Beləliklə, boru kəməri ilə qaz tədarükü üzrə yeni uzunmüddətli layihələrdən imtina etməklə və MTQ-yə üstünlük verməklə, Aİ hakimiyyəti faktiki olaraq Avropa ölkələri üçün kifayət qədər riskli vəziyyət yaradır. Brüssel enerji sistemini ABŞ-dan olan tədarüklərə bağlı saxlamaqla, Aİ-nin avrozonaya enerji resurslarının idxal mənbələrini şaxələndirmək şansını faktiki olaraq azaldır.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.