BAKI, 12 oktyabr — Sputnik. "2020-ci il sentyabrın 27-dən başlayaraq Cənubi Qafqaz regionundakı hadisələr və Azərbaycan Silahlı Qüvvələrinin regionda həyata keçirdiyi lokal antiterror tədbirləri çərçivəsində baş verən son hadisələr nəticəsində yeni geosiyasi reallıq yaranıb. Azərbaycan faktiki olaraq öz ərazi bütövlüyünü bərpa edib". Report-un xəbərinə görə, bunu Xəzər Strateji Araşdırmalar İnstitutunun baş direktoru İqor Korotçenko "Qarabağ münaqişəsi yekunlaşdıqdan sonra Cənubi Qafqazın inkişafı" onlayn iclasında deyib.
Ekspert qeyd edib ki, regiondakı reallıq yeni anlayış tələb edir:
"Söhbət regiondakı hadisələrin bundan sonra necə cərəyan edəcəyindən, əsas tərəflərin maraqlarının nədən ibarət olacağından və Rusiya ilə Azərbaycan arasında qarşılıqlı əlaqələrə dair gələcək formatların necə ola biləcəyindən gedir".
O vurğulayıb ki, Azərbaycanın addımları beynəlxalq hüquq normalarına uyğundur:
"Müəyyən dövlətlər, güc mərkəzləri tərəfindən hər hansı formada Azərbaycana təzyiq göstərmək, görülən tədbirlərin legitimliyini şübhə altına almağa çalışmaq - bütün bu cəhdlər tamamilə qanunsuzdur".
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.