BAKI, 11 oktyabr — Sputnik. Müxtəlif yerlərdə şagirdlər üçün su qabları satılır. Özüm bir neçə mağazada yoxlamışam. Satışda çox keyfiyyətsiz su qabları var.
Bunu Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin iclasında deputat Naqif Həmzəyev bildirib.
O qeyd edib ki, bu məsələyə ümumiyyətlə nəzarət olunmur: "Bir neçəsini aldım, içərisində su saxladım, üç gündən sonra iy verir və ya orada göbələklər əmələ gəlir. Biz diqqətimizi polietilen torbaya yönəltmişik, amma böyük problem olan su qablarının monitorinqi də aparılmalıdır. Ciddi nəzarət mexanizmi qurulmalıdır ki, uşaqlarımızı zəhərləməyək. Əks təqdirdə uşaqlarımız başqa xəstəliklərə yoluxacaq".
Bir müddət öncə isə ABŞ tərkibində həddindən artıq qurğuşun olduğu üçün Çin istehsalı olan 300 mindən artıq uşaq termusunu satışdan yığışdırıb. ABŞ hökumətinin SOS təbilindən sonra övladları belə məhsulları istehlak edən valideynlər dərhal ondan imtina ediblər.
Azərbaycanda təhlükə varmı?
ABŞ-da satışdan yığışdırılan həmin termuslar Azərbaycanın bazar və dükanlarında gen-bol satılır. Bəs Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) bu barədə nə düşünür?
AQTA Sputnik Azərbaycan-ın bu barədə sorğusuna cavabında bildirib ki, "Qida təhlükəsizliyi haqqında" Azərbaycan Respublikası Qanununa əsasən, ölkəyə idxal olunan qida məhsulları ilə təmasda olan material və məmulatlar da Agentliyin nəzarət dairəsinə aiddir. Bu səbəbdən ölkəmizə idxal olunan qida məhsulları ilə təmasda olan qablaşdırma materialları, o cümlədən şüşə butulkalar, qablar və s. risk qiymətləndirməsinə uyğun olaraq təhlükəsizlik göstəricilərinin müəyyənləşdirilməsi məqsədilə laborator müayinələrə cəlb edilir.
"Cari il ərzində laborator müayinə nəticələrində uyğunsuzluq aşkarlanmayıb" - AQTA-dan bildirib.
Qurumdan onu da deyiblər ki, vətəndaşlar qida təhlükəsizliyi sahəsində istehlakçı hüquqlarının pozulması və qanunazidd hallarla rastlaşdıqda, bu barədə konkret faktlarla Agentliyin "1003-Çağrı Mərkəzi"nə məlumat verə bilərlər. Müraciət daxil olduqdan dərhal sonra araşdırmalara başlanılacaq və qanunvericiliyə uyğun müvafiq tədbirlər görüləcək.
Millət vəkili Fazil Mustafa Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, uşaq orqanizmi üçün zərərli olduğu iddia edildiyindən ABŞ-da bu məhsullar satışdan geri çağırılıbsa, Azərbaycan tərəfindən də müvafiq qurumlar bir tədbir görməlidir:
"Bazara daxil məhsulların hamısının sertifikatları, etiketləri olmalıdır və buna diqqət yetirmək lazımdır. Çünki bu təhlükə hər birimiz, övladarımızın gələcəyi üçün böyük problem yarada bilər. Bu məsələyə çox ciddi şəkildə nəzarət edilməlidir".
Millət vəkilinin fikrincə, o da ola bilər ki, ABŞ Çinlə hansısa ziddiyətli münasibətlərə görə belə bir addım atır. Yəni bu amil də araşdırılmalıdır. Əgər təhlükə gerçəkdən varsa, buna qarşı da ciddi tədbirlər görülməlidir.
Ölkəmizdə satılan termusların keyfiyyətinə nəzarət yox dərəcəsindədir
Qida üzrə ekspert Məhsəti Hüseynova Sputnik Azərbaycan-a bildirib ki, ABŞ-da aşkarlanan bu problem Azərbaycandan da yan keçmir:
"Ölkəmizdə satılan termusların keyfiyyətinə nəzarət yox dərəcəsindədir. Xüsusən də məktəb ləvazimatı məhsullarının olduğu mağazalarda qiymətinə görə çoxçeşidli məhsullar satılır. Bu termusların heç də hər biri qida və su üçün yararlı deyil. Belə məhsulların bəzilərində qurğuşunun miqdarı artıq, bəzilərində isə müəyyən maddələrin miqdarı həddindən artıq əskik olur. Elə qablar var ki, onda saxlanılan sudan insan orqanizminə həm ağır metallar, həm də xərçəngə səbəb ola biləcək kanserogen maddələr keçir. İç hissəsi gümüşdən, gümüş suyundan olan termuslar ən keyfiyyətlisidir. Belə materiallarda suyun tərkibi də dəyişilmir. Valideynlərə tövsiyə edirəm ki, belə keyfiyyətli məhsullardan istifadə etsinlər".
Termus alanda nələrə diqqət yetirilməlidir?
Ekspert bildirir ki, belə məhsulların tərkibindəki zərərli maddələr həm əqli, həm də fiziki inkişafa mənfi təsir edə bilər. Bu zərərlərdən qorunmaq üçün mənşəyi, istehsalçı markası bəlli olan məhsullar almaq lazımdır. Üzərində heç bir məlumat olmayan məhsullar təhlükəlidir.
"Bu gün ölkədə açıq bazar siyasətidir. Biznes maraqları çərçivəsində kim nə istehsal edirsə, sata bilir. Konkret bir nəzarət yoxdur. Hətta qidaya yararsız sintetik tərkibli məhsullardan da istifadə olunur", - deyə ekspert vurğulayıb.
O bildirir ki, uşaqlar üçün nəzədə tutulan bütün məhsullar - oyuncaqdan termusadək hamısı nəzarətdə olmalıdır. Çünki bəzi məhsullarda zərərli boyalardan istifadə olunur ki, bu da gələcəkdə mərkəzi beyin sisteminin zədələnməsinə, inkişafın dayanmasına gətirib çıxarır.
"Ümumiyyətlə, sağlamlığa zərərli olan məhsullar satışa buraxılmamalıdır. Yaxud da mövcud məhsulların hər birinin üzərində etiket məlumatları olmalıdır. Bu sahəyə nəzarəti gücləndirmək üçün AQTA, Səhiyyə Nazirliyi, Dövlət Gömrük Komitəsi də adiyyəti üzrə təkliflər, planlar hazırlaya bilər" - deyə ekspert əlavə edib.