CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Standartlaşdırma İnstitutu: "Halal, orqanik məhsul adlarından sui-istifadə edilir"

"Elə bir mexanizm işləməliyik ki, halal məhsul istehlak etmək istəyən vətəndaşımız ondan rahat şəkildə, əminliklə istifadə edə bilsin", - deyə İlham Bayramov qeyd edib.
Sputnik
BAKI, 11 oktyabr — Sputnik. "Azərbaycanda sahibkarlar halal, orqanik məhsul adlarından sui-istifadə edir, belə adlarla çaşqınlıq yaradırlar".
Bunu Bakıda Ümumdünya Standartlar Günü ilə əlaqədar keçirilən tədbirdə Azərbaycan Standartlaşdırma İnstitutunun baş direktoru İlham Bayramov bildirib.
"Azərbaycanın qarşısında duran məsələlərdən biri beynəlxalq səviyyədə tanınmış halal akkreditasiya qurumunda qeydiyyatdan keçməklə ölkədə halal məhsulların sertifikatlaşdırılmasıdır. Bu məsələdə inamsızlıq, etibarsızlıq var. Biz elə etməliyik ki, istehlakçılarımız halal sertifikatlı məhsula tam inansın.
Maraqlıdır ki, Yaponiya, Almaniya, Cənubi Koreya bu kimi ölkələrdə halal məhsullara tələbat artıb, Azərbaycan və dini İslam olan başqa ölkələrdə isə artmayıb. Buna görə biz çalışmalıyıq və elə bir mexanizm işləməliyik ki, halal məhsul istehlak etmək istəyən vətəndaşımız ondan rahat şəkildə, əminliklə istifadə edə bilsin", - deyə o qeyd edib.