AZƏRBAYCAN XƏBƏRLƏRİ

Ombudsman Səbinə Əliyeva Vyana Miqrasiya Konfransında iştirak edib

Səbinə Əliyeva miqrantların hüquqlarının qorunması istiqamətində ölkə təcrübəsi barədə məlumat verib.
Sputnik
BAKI, 11 oktyabr - Sputnik. Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) miqrantların hüquqlarının qorunması və monitorinqi istiqamətində əhatəli və səmərəli fəaliyyət göstərir və bu sahədə beynəlxalq tərəfdaşlığa xüsusi önəm verir. Ombudsman Səbinə Əliyevanın rəhbərlik etdiyi nümayəndə heyəti oktyabrın 10-11-də 8-ci Vyana Miqrasiya Konfransında iştirak etmək üçün Miqrasiya Siyasətinin İnkişafı üzrə Beynəlxalq Mərkəzin (MSİBM) dəvəti ilə Vyanaya səfər edib.
Bu barədə Ombudsman Aparatından məlumat verilib.
Bildirilib ki, konfrans miqrasiya üzrə qlobal müzakirələrin aparılması, Avropa, Afrika və Asiyanın miqrasiya idarəçiliyi üzrə qərarverənlər və yüksək səviyyəli tərəflərin bir araya gətirilməsi, həmçinin regional və qlobal yerdəyişmə, geri qayıdış, reinteqrasiya və digər müvafiq sahələrdə fəaliyyət göstərən beynəlxalq təşkilatların, qeyri-hökumət təşkilatlarının, media və özəl sektorun nümayəndələrinin bu sahədə müsbət təcrübələri, üzləşdikləri çətinliklərin həlli yollarının müəyyən edilməsi sahəsində fikir mübadiləsinin aparılması məqsədi daşıyır.
Tədbirdə açılış nitqi ilə çıxış edən MSİBM-in Baş direktoru Mixail Şpindeleqqer miqrasiya siyasətinin uğurla həyata keçirilməsi, miqrantların hüquqlarının təmini, rifahlarının yaxşılaşdırılması, cəmiyyətə səmərəli inteqrasiyası naminə kommunikasiyanın, dövlətlərin əməkdaşlığının, birgə layihə və proqramların həyata keçirilməsinin zəruriliyini vurğulayıb. Mərkəzin məram və məqsədlərini iştirakçıların diqqətinə çatdıran M.Şpindeleqqer inklüziv müzakirələrin, üzbəüz görüşlərin keçirilməsi vasitəsilə miqrasiya sahəsində əməkdaşlığın daha da genişlənməsinə töhfə verən beynəlxalq platforma olan Vyana Miqrasiya Konfransının bu sahədə ən mühüm beynəlxalq tədbirlərdən olduğunu vurğulayıb, miqrasiya siyasətinə olan tələblər, qarşılıqlı hörmət və tərəfdaşlığın zəruri olduğunu bildirib.
Tədbirdə Avstriyanın Qadın, Ailə, İnteqrasiya və Media üzrə federal naziri Susanne Raab, Türkiyə Daxili İşlər Nazirliyinin Miqrasiya Baş İdarəsi rəhbəri Atilla Toros və müavini Hüseyin Kök, BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının Mərkəzi Aralıq dənizi üzrə vəziyyətlə bağlı xüsusi səfiri Vinsent Koçetel, Yunanıstanın miqrasiya və sığınacaq üzrə naziri Dimitris Kairidis, İsveçin miqrasiya naziri Maria Malmer Stenergard, “Fronteks”in Əsas İnsan Hüquqları İdarəsinin rəhbəri Jonas Grimheden və digərləri çıxış ediblər.
Konfrans çərçivəsində MSİBM-in Baş direktoru M.Şpindeleqqer ilə keçirilən ikitərəfli görüş zamanı Ombudsman Səbinə Əliyeva təsisatın insan hüquq və azadlıqlarının səmərəli təmini, müdafiəsi və pozulmuş hüquqların bərpası sahəsində fəaliyyəti, “Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” Konstitusiya Qanununa edilmiş dəyişikliklər nəticəsində Müvəkkilin səlahiyyətlərinin genişləndirilməsi barədə məlumat verib. Azərbaycan Ombudsmanının insan hüquqları sahəsində beynəlxalq əməkdaşlığa xüsusi önəm verdiyi, milli insan hüquqları institutları və ombudsmanların beynəlxalq və regional təşkilatlarına üzv olduğu bildirilib.
Eyni zamanda, miqrantların hüquqlarının qorunması istiqamətində ölkə təcrübəsi barədə məlumat verilib, Ombudsmanın Milli Preventiv Mexanizm mandatı çərçivəsində miqrantların saxlama yerlərinə də başçəkmələr həyata keçirildiyi vurğulanıb. Ombudsman 30 ilə yaxın müddət ərzində Ermənistanın Azərbaycana qarşı işğal və etnik təmizləmə siyasəti nəticəsində ölkəmizdə bir milyona yaxın soydaşımızın qaçqın və məcburi köçkün həyatı sürdüyünü, onların sosial, iqtisadi, təhsil və digər hüquqlarının təmininin daim diqqət mərkəzində saxlanıldığını qeyd edib.
Bu sahədə beynəlxalq tərəfdaşlığın genişləndirilməsinin vacibliyini qeyd edən Ombudsman MSİBM-lə davam edən əməkdaşlığın miqrasiya sahəsində fəaliyyətin səmərəliliyinin artırılmasına xidmət etdiyini, həssas əhali qruplarına aid olan miqrantlara daha çox diqqət yetirilməklə onların hüquqlarının müdafiəsi üzrə yeni yanaşmaların tətbiq olunmasına töhfə verəcəyini vurğulayıb.