Heydər Əliyev ili

Heydər Əliyev Mərkəzində "Liderin ürəyi" filmi təqdim olunub

Film Ulu Öndər Heydər Əliyevin xalqın təkidi ilə Azərbaycanda siyasi hakimiyyətə qayıdışı və ölkəyə rəhbərlik etdiyi dövrü əhatə edir. Ekran əsərində belə bir qayıdışın dünya tarixində ilk dəfə baş verdiyi vurğulanır.
Sputnik
BAKI, 11 oktyabr — Sputnik. Heydər Əliyev Mərkəzində "TASS" informasiya agentliyinin baş direktorunun birinci müavini, Rusiyanın Əməkdar jurnalisti Mixail Qusmanın "Liderin ürəyi" sənədli filminin təqdimatı keçirilib.
AZƏRTAC xəbər verir ki, ekran əsəri Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr edilib.
Baş direktorunun birinci müavini Mixail Qusman filmin nümayişindən əvvəl çıxışında bu ilin dahi Heydər Əliyevin adı, yüz illiyi ilə ayrılmaz şəkildə əlaqəli olduğunu vurğulayaraq deyib: "Oktyabrın 10-u xüsusi gündür. Düz 30 il bundan əvvəl 1993-cü il oktyabrın 10-da Heydər Əliyev müstəqil Azərbaycanın Prezidenti kimi and içib. O, həmin vaxt ən ağır vəziyyətdə olan ölkəni faktiki olaraq xilas edib".
Mixail Qusman filmin niyə belə adlandırıldığı barədə də danışıb: "Ekran əsəri "Liderin ürəyi" adlandırılıb, çünki Heydər Əliyev bütün həyatı boyu ürəyini qorumadan işləyib, özünü bütövlükdə doğma xalqına həsr edib. Oktyabrın 15-də İlham Heydər oğlunun 2003-cü il seçkilərində inamlı qələbə qazandığı başqa bir tarixin qeyd olunması çox simvolikdir".
Heydər Əliyev Mərkəzində Mixail Qusmanın "Liderin ürəyi" filmi təqdim olunub
Əməkdar jurnalist qeyd edib ki, Heydər Əliyevin böyük arzusu idi ki, Azərbaycan torpaqlarını işğaldan azad etsin və bayrağı azad edilmiş Şuşada, bütün Qarabağda dalğalansın. "2020–ci il noyabrın 8-də Azərbaycan Bayrağı Şuşada, bu il sentyabrın 20-də isə bütün Qarabağda ucaldılıb", - deyə o bildirib.
Sonra "Liderin ürəyi" sənədli film nümayiş olunub.
Film Ulu Öndər Heydər Əliyevin xalqın təkidi ilə Azərbaycanda siyasi hakimiyyətə qayıdışı və ölkəyə rəhbərlik etdiyi dövrü əhatə edir. Ekran əsərində belə bir qayıdışın dünya tarixində ilk dəfə baş verdiyi vurğulanır.
Heydər Əliyev Azərbaycan tarixində əsas rol oynayıb və dünya siyasətində dərin iz qoyub. "Liderin ürəyi" sənədli filmi Mixail Qusmanın Bill Klinton, Corc Buş, Jak Şirak, Madlen Olbrayt, Toni Bler, Zbiqnev Bjezinski və digər dünya liderləri ilə Heydər Əliyev haqqında apardığı söhbətləri ehtiva edir. Məhz onun dövründə Azərbaycan strateji tərəfdaşlarının sayını genişləndirərək, beynəlxalq arenada öz mövqeyini möhkəmləndirib. ATƏT və BMT kimi təşkilatlarda ölkənin diplomatiyası fəallaşıb. Uzaqgörən siyasətçi Heydər Əliyev Azərbaycana böyük xarici investisiyalar cəlb edib ki, bu da "Əsrin müqaviləsi"nin imzalanmasına gətirib çıxarıb.
Heydər Əliyev Mərkəzində Mixail Qusmanın "Liderin ürəyi" filmi təqdim olunub
Filmin nümayişinin sonunda Mixail Qusman ekran əsərinin ərsəyə gəlməsində göstərdiyi dəstəyə görə Heydər Əliyev Fonduna, eləcə də arxiv materiallarının əldə edilməsindəki dəstəyə görə AzTV-yə, Azərbaycan Dövlət İnformasiya Agentliyinə (AZƏRTAC) təşəkkürünü bildirib.
Sonra Azərbaycanın Xalq artisti Elçin Əzizov, Xalq artisti Polad Bülbüloğlunun müşayiəti ilə Ümummilli Lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş "Rekviyem" mahnısını ifa edib. Qeyd edək ki, Azərbaycanın Xalq artisti Polad Bülbüloğlu ekran əsəri üçün şair Yuri Ryaşentsevin şeirlərinə mahnı bəstələyib.
Polad Bülbüloğlu çıxış edərək bildirib: "Bu gün biz azad Qarabağı, azad Azərbaycanı görürük. Ümummilli Lider Heydər Əliyevin 100 illiyi Azərbaycanda və eləcə də digər ölkələrdə qeyd edilir. Bu onu göstərir ki, Heydər Əliyev bu gün də öz xalqını tanıdır".
Qeyd edək ki, filmdə Heydər Əliyevin Mixail Qusmana verdiyi eksklüziv müsahibələri, onun dəyərli fikirləri, siyasi fəaliyyəti ilə bağlı nadir arxiv kadrları yer alıb. Çəkilişlər Moskvada, Bakıda və Ulu Öndərin doğulduğu Naxçıvanda aparılıb.
"Liderin ürəyi" sənədli filminin rejissoru Valeri Spirin, ssenari müəllifi Marina Deniseviçdir.
Ekran əsəri Azərbaycan, rus və ingilis dillərində hazırlanıb.