BAKI, 10 oktyabr — Sputnik. Son bir ildə Qarabağda vəziyyət kəskin şəkildə dəyişib və Rusiya sülhməramlılarının fəaliyyəti yeni şəraitə uyğunlaşdırılacaq. Bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.
"2022-ci ilin oktyabrında Ermənistanın baş naziri Nikol Paşinyan Avropa İttifaqının himayəsi altında Praqada keçirilən sammitdə Qarabağ bölgəsini Azərbaycan ərazisi kimi tanıyıb, bu ilin may və iyun aylarında Brüsseldə keçirilən sammitlərdə öz mövqeyini bir daha təsdiqləyib. Beləliklə, sentyabrın 19-20-də baş vermiş əməliyyatdan sonra əhalinin kütləvi köçü fonunda Rusiya sülhməramlı kontingentinin regiona qalması şərtləri ciddi şəkildə tənzimləndi", - deyə o, brifinqdə bildirib.
"Rusiya sülhməramlı kontingentinin bir sıra daimi və müvəqqəti müşahidə məntəqələri artıq bağlanıb. Sülhməramlılarımızla bağlı fundamental məsələlər, artıq dediyimiz kimi, Bakı ilə müzakirə olunur", - diplomat fikirlərini yekunlaşdırıb.