BAKI, 10 oktyabr — Sputnik. Dövlət İmtahan Mərkəzi (DİM) Azərbaycan Respublikasının Baş Prokurorluğu ilə birgə prokurorluq orqanlarında işə qəbul olunmaq istəyən namizədlər üçün test imtahanı keçirib, 137 nəfər müsabiqə şərtini (70 və daha çox bal) ödəyərək növbəti mərhələyə buraxılıb.
Bu barədə DİM-dən bildirilib.
İmtahan kompüterlər vasitəsilə elektron qaydada DİM-in Bakı ş., Nəsimi rayonu, Abdulvahab Salamzadə küçəsi, 28 ünvanında yerləşən binasında saat 10:00 və 15:00 olmaqla, 2 növbədə keçirilib.
İmtahanlar başa çatdıqdan dərhal sonra namizədlərə nəticələri haqqında arayış təqdim olunub.
Ümumilikdə imtahanda 331 namizəd iştirak edib.
11:39
Azərbaycan Respublikasının Baş Prokurorluğu ilə Dövlət İmtahan Mərkəzi birgə prokurorluq orqanlarında işə qəbul olunmaq istəyən namizədlər üçün test imtahanı keçirir.
İmtahan DİM-in binasında elektron qaydada təşkil olunub.
Baş Prokurorun müavini Heydər Məmmədov jurnalistlərə açıqlamasında qeyd edib ki, prokurorluq orqanlarında çalışmaq istəyənlər üçün 25-ci müsabiqə həyata keçirilir: "Hazırda I mərhəslə, yəni test mərhələsi keçirilir. Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi ilə əlaqəli şəkildə həyata keçirilən bu test mərhələsində, 50 vakant ştat üzrə prokurorluq orqanlarına işə qəbul olunmaq arzusunda olan 300-dən artıq namizəd iştirak edir".
H.Məmmədovun sözlərinə görə, 2002-ci ildən, tam aşkarlıq şəraitində 24 müsabiqə keçirilib: "Ümumilikdə müsabiqələrdə uğur qazanmış 1151 gənc hüquqşünas prokurorluq orqanlarına qulluğa qəbul edilib. Onlar da hazırda prokurorluq işçilərinin 88,3% faizini təşkil edir. Sevindirici haldır ki, hazırda müsabiqə yolu ilə qulluğa qəbul olunmuş işçilərin bir çoxu yuxarı təsnifat vəzifələrə irəli çəkilib, o cümlədən müstəqil rayon və şəhər prokuroru kimi və müstəqil struktur qurumların rəhbəri kimi fəaliyyət göstərirlər və onlardan bir neçəsi xüsusi ali rütbə alıb".