BAKI, 10 oktyabr — Sputnik. Ekologiya və Təbii Sərvətlər Nazirliyi Bakıda neftlə çirklənmiş torpaqların təmizlənməsi üçün 2024-2030-cu illər üzrə yeni dövlət proqramı hazırlayıb, hökumətə təqdim edib. Bunu Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin iclasında ekologiya və təbii sərvətlər nazirinin müşaviri Rasim Səttarzadə bildirib.
O qeyd edib ki, neftli ərazilər Abşeron yarımadasının uzun onilliklərinin problemidir.
Bundan başqa, nazirin müşaviri deyib ki, sahibkarlıq subyektlərinin yoxlamalardan azad edilməsi bəzən problem yaradır:
"Zavodlardan ətraf mühitə külli miqdarda tullantı atılır. Bizim səlahiyyətimiz yoxdur ki, zavoda daxil olub monitorinq edək. Halbuki, biz sübut etməliyik ki, bunun əhaliyə ciddi mənfi təsiri var. Buna görə də özəl sektorun, sahibkarların özlərinin korporativ məsuliyyəti olmalıdır. Məncə iş adamlarını cəzalandırmağa deyil, onların bütün məsələlərə korporativ məsuliyyətlə yanaşmasına çalışmalıyıq".