CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Ali Məhkəmə yeni sistemin tətbiqinə başlayıb

Müraciət edən şəxslər işlə tanış olmaq üçün gün və saatı öncədən müəyyən etməlidirlər.
Sputnik
BAKI, 10 oktyabr — Sputnik. Ali Məhkəmədə tərəflərin iş materialları ilə tanış olması üçün yeni sistemin tətbiqinə başlanılıb.
Bu barədə Ali Məhkəmədən məlumat verilib.
Bildirilib ki, Ali Məhkəmə tərəfindən məhkəməyə çatımlılıq imkanının yaxşılaşdırılması, vətəndaş məmnunluğunun artırılması məqsədilə daha bir yeniliyə imza atılıb. Belə ki, Ali Məhkəmənin icraatında olan iş materialları ilə tanış olmaq üçün elektron qaydada müraciət imkanı yaradılıb. Bu imkandan yararlanmaq istəyən proses iştirakçıları məhkəmənin rəsmi internet saytına (www.supremecourt.gov.az) daxil olmaqla "Vətəndaşlar üçün" bölməsinə keçid edərək, "İş materialları ilə tanış olmaq üçün "e-müraciət" altbölməsini seçməlidirlər. Bundan sonra açılan pəncərədə müvafiq xanaları doldurmaqla qeydiyyatdan keçmək mümkündür.
Müraciət edən şəxslər işlə tanış olmaq üçün gün və saatı öncədən müəyyən etməlidirlər. Seçilən gün və saatda müraciətin icra edilməsi mümkün olmadıqda isə bu barədə müraciət edən şəxsə məlumat veriləcək.
Qeyd edək ki, istirahət, iş günü hesab edilməyən bayram günləri və ümumxalq hüzn günü daxil olan müraciətlər növbəti iş günündən gec olmayaraq qeydiyyata alınır.