CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Oktyabrın 10-na planlaşdırılan Bakı-Təl-Əviv-Bakı marşrutu üzrə reys ləğv edilib - AZAL

Sputnik
BAKI, 9 oktyabr - Sputnik. İsraildə, o cümlədən “Ben Gurion” Beynəlxalq Hava Limanının ərazisində qeyri-sabit vəziyyət və raket hücumları ilə əlaqədar “Azərbaycan Hava Yolları” (AZAL) aviaşirkətinin oktyabrın 10-na planlaşdırılan Bakı-Təl-Əviv-Bakı marşrutu üzrə reysi ləğv edilib.
Bu barədə “Azərbaycan Hava Yolları” QSC-nin Mətbuat xidmətindən bildirilib.
Qeyd olunub ki, sərnişinlərin və ekipaj üzvlərinin təhlükəsizliyi aviaşirkətin ən yüksək prioritetidir.
Xatırladaq ki, AZAL-ın Təl-Əvivdəki “Ben Gurion” Beynəlxalq Hava Limanına və əks istiqamətdə reyslərinin sərnişinlərinə oktyabrın 7-dək əldə edilmiş, uçuş tarixi oktyabrın 8-dən noyabrın 1-dək olan aviabiletlərin dəyərinin 30 noyabr 2023-cü il tarixi daxil olmaqla “involuntary” proseduru çərçivəsində geri qaytarılmasına və ya istənilən digər tarixlərə yenidən bronlaşdırılmasına icazə verilir.

"Növbəti uçuşlar haqqında məlumat ictimaiyyətə KİV və aviaşirkətin rəsmi sosial şəbəkə səhifələri vasitəsilə əlavə olaraq təqdim ediləcəkdir. Əlavə məlumat əldə etmək üçün sərnişinlərə callcenter@azal.az elektron ünvanı vasitəsilə “Azərbaycan Hava Yolları”nın çağrı mərkəzinə müraciət etmələri tövsiyə olunur", - deyə məlumatda bildirilib.

Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.