SƏHİYYƏ

Əhalinin qripə qarşı vaksinasiyası niyə gecikir? Rəsmi cavab

Qrip əlamətləri ilə müşahidə edilən xəstəliyin yayılması artıq uşaqlar arasında da müşahidə olunur.
Sputnik
BAKI, 9 oktyabr — Sputnik. Əhali arasında qripə qarşı vaksinasiyaya başlanılmayıb. Sputnik Azərbaycan-ın Səhiyyə Nazirliyinə ünvanladığı sorğuya verilən cavabda bildirlib ki, payız-qış mövsümü ilə əlaqədar qrip əleyhinə peyvəndlərin ölkəyə gətirilməsi nəzərdə tutulub.
Əhalinin qripə qarşı vaksin olunması ilə bağlı bir qərar olmasa da, artıq əhali arasında qrip əlamətlərindən şikayətlənənlərin sayı çoxdur.
Qrip yoxsa koronavirus?
Azərbaycan Tibb Universitetinin Pulmonologiya şöbəsinin həkimi Günel Sadıqova Sputnik Azərbaycan-a bildirib ki, yüksək temperatur, halsızlıq və öskürəklə müraciət edən xəstələrdə koronavirusun yeni ştammının olduğu təsdiqlənməyib. O, bu əlamətlərin daha çox mövsümi qrip əlamətlərinə bənzədiyini söyləyib. Bildirib ki, havaların soyması və fəsil dəyişkənliyi ilə əlaqədar kəskin respirator xəstəliklər baş qaldırır.
Onun sözlərinə görə, mövsümi qrip virusları yüksək hərarət, baş ağrısı, halsızlıq, öskürək kimi simptomlarla müşahidə olunur. O, virusdan qorunmanın əsas yolunun peyvənd olunmaq və maskadan istifadə etmək olduğunu söyləyib:

"Hələki əhalinin mövsümi qripə qarşı vaksinasiyasına başlanılmayıb. Odur ki, insanlar mövsümi qripdən qorunmaq üçün maskadan istifadə etməlidirlər. Özlərində qrip əlamətləri hiss edən xəstələr isə sağalanadək yataq rejiminə əməl etməlidir".

G.Sadıqova bildirib ki, əhali arasında ən çox xroniki xəstəliklərdən əziyyət çəkənlərin qripə qarşı peyvənd edilməsi tövsiyə olunur. Çünki belə insanlarda kəskin respirator viruslara yoluxma ağırlaşma verə bilər.
Polikilinikalara peyvənd paylanılmayıb
Qeyd edək ki, hər il səhiyyə naziri payız-qış mövsümünün başlaması ilə əlaqədar əhali arasında qrip və kəskin respirator virus infeksiyalarına qarşı profilaktik və əks-epidemik tədbirlərin görülməsi, həmçinin infeksiya üzərində epidemioloji nəzarətin gücləndirilməsi məqsədilə əmr imzalayır.
Respublika Gigiyena və Epidemiologiya Mərkəzindən də bildiriblər ki, nazirin əmrinə görə, müəyyən olunmuş əhali qrupları üzrə peyvəndə cəlb olunacaq şəxslərin və xidmət göstərdikləri ərazilərdə vaksinasiya tədbirləri aparılacaq ambulator-poliklinik müəssisələrin siyahıları hazırlanır. Vaksinasiya tədbirləri həyata keçiriləcək ambulator-poliklinik müəssisələrdə həkim-terapevt, orta tibb işçisi (vaksinator) və tibb qeydiyyatçısından ibarət briqadalar təşkil edilir. Peyvənd aparılacaq tibb məntəqələrində peyvənd otaqları ayrılır və hər biri, o cümlədən tədbirdə iştirak edəcək peyvənd briqadaları termoçantalarla və peyvənd zamanı ilkin tibbi yardım tələb olunarsa, dərman preparatları dəsti ilə təchiz edilir.
Peyvənddən sonra xoşagəlməz reaksiya və ya ağırlaşmalar qeyd edilərsə, bu barədə məlumatın operativ şəkildə Respublika Gigiyena və Epidemiologiya Mərkəzinə verilməsi təmin edilir. Qrip və kəskin respirator virus infeksiyalarının profilaktikası məqsədilə təhsil müəssisələrində tibbi müşahidələr gücləndirilir. Kəskin qrip əlamətləri olan xəstələrin, xüsusən uşaqların və yaşlı əhalinin hospitalizasiyası təmin edilir. Zəruri hallarda tibb müəssisələrində məhdudlaşdırıcı rejimin tətbiq edilməsi, tibb personalının fərdi mühafizə vasitələrindən istifadə etməsi təmin olunur.
Tibb müəssisələrində sanitariya-gigiyena və əks-epidemik tədbirlərin gücləndirilməsi üzrə tədbirlər həyata keçirilir. Ağır kəskin respirator xəstəlik halları barədə məlumat dərhal ərazi gigiyena və epidemiologiya mərkəzlərinə verilir və şübhəli xəstələrdən götürülmüş nümunələr Xüsusi Təhlükəli İnfeksiyalara Nəzarət Mərkəzinə çatdırılır.
Amma hələki əlaqə saxladığımız polikilinikalardan onlara bu il üçün qripə qarşı peyvəndin verilmədiyini söylədilər. Bu isə haqlı olaraq əhali arasında xəstəlik yayıldıqdan sonra vaksinasiyanın aparılmasının lazımsız olduğu fikrini yaradır.
Ştamm müəyyən olunmamış vaksin tətbiq etmək olmaz!
Qeyd edək ki, qrip əlamətləri ilə müşahidə edilən xəstəliyin yayılması artıq uşaqlar arasında da müşahidə olunur. Azərbaycan Tibb Universitetinin (ATU) Uşaq Xəstəlikləri kafedrasının müdiri Nəsib Quliyev Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, mövsümi qrip virusuna qarşı vaksinasiyanın aparılması üçün öncə bu il hansı qrip virusunun dominant olduğu təsdiqlənməlidir. Bundan sonra qripin həmin ştammına qarşı vaksin tətbiq olunmalıdır.
N.Quliyev bildirib ki, qrip vaksini növbəti il üçün öz təsirini itirir. Çünki, hər il qripin müxtəlif ştammları aktiv olur. Onun sözlərinə görə, qripin törədicisi influenza virusudur:
"Bunlar RNT tərkibli viruslardır və mutasiyaya uğrayırlar. Bu səbəbdən yeni vaksinlər istehsal olunur. Həmin vaksinlər daha çox yayılmış ştammlara qarşı hazırlanır".
Kafedra müdiri bildirib ki, mövsümi qrip adlandırılan viruslardan qorunmaq üçün əsas yol gigiyenik qaydalara əməl etmək, immun sistemini güclü saxlamaqdır. O, uşaqları bu virusa yoluxmadan qorumaq üçün əsas tədbirlərə hələ yay aylarından başlanılmalı olduğunu söyləyib.
"Yayda uşaqların qidalanmasına, bol vitamin və günəş vannası qəbul etməsinə diqqət yetirmək lazımdır. İmmun sistemini yayda gücləndirməklə payız-qış aylarında yayılan viruslardan qorunmaq mümkündür. Bundan əlavə, havalar soyduqda temperatura uyğun geyinmək vacibdir. Bədənin temperaturunun soyması da insanın tez xəstələnməsinə səbəb olur".