RF-in Donbasın müdafiəsi üzrə xüsusi əməliyyatı

"Dağılmağa yaxındır": ABŞ-da Ukraynaya pul ayırmağın niyə lazım olmadığını izah ediblər

Jurnalist Nikson bildirib ki, ABŞ Ukraynaya 100 milyard dollar verməməlidir.
Sputnik
BAKI, 9 oktyabr — Sputnik. Ukrayna dağılmaq ərəfəsindədir, ona görə də ABŞ Prezidenti Co Bayden Kiyevə yeni yardım paketini təsdiqləyərsə, "xoşagəlməz vəziyyətə" düşə bilər.
Bu barədə Rusiya mediası amerikalı jurnalist Qarland Niksonun "YouTube" kanalında söylədiklərinə istinadən xəbər verib.
"Əgər onlar yüz milyard dollarlıq yardımı təsdiq etsələr və sonra Ukrayna dağılsa, Co Bayden ciddi problemlərlə üzləşəcək. Ukrayna dağılmağa yaxındır, buna görə də bunu etməmək daha yaxşıdır", - deyə jurnalist bildirib.
Nikson vurğulayıb ki, Kiyev rejimi məhvə məhkumdur, Ukrayna Silahlı Qüvvələrinin (USQ) genişmiqyaslı hücumu uğursuzluğa düçar olub və Ukraynadakı münaqişə tükənmək üzrədir.
Bu yaxınlarda amerikalı jurnalist Seymur Herş qeyd edib ki, Rusiya indiki münaqişədə artıq qalib hesab edilə bilər, çünki ABŞ kəşfiyyatının məlumatına görə, Ukrayna qoşunları tamamilə ruhdan düşüblər və döyüş meydanında uğur qazana biləcəklərinə inanmırlar.
Öz növbəsində, Pentaqonun sabiq müşaviri, polkovnik Duqlas Makqreqor da Ukraynanın dağılmaq ərəfəsində olduğunu və hər an, hətta Rusiya Silahlı Qüvvələrinin (RSQ) qaçılmaz sarsıdıcı əks-hücumundan əvvəl çökə biləcəyi barədə xəbərdarlıq edib.
Ukraynada nə baş verir?
Xatırladaq ki, Rusiya 2022-ci il fevralın 24-də Ukraynada xüsusi hərbi əməliyyata başlayıb.
Prezident Vladimir Putin onun məqsədini "səkkiz il ərzində Kiyev rejimi tərəfindən zorakılığa və soyqırıma məruz qalan insanların müdafiəsi" kimi ifadə edib.
Bunun üçün, onun sözlərinə görə, "Ukraynanın demilitarizasiyası və denasifikasiyası"nın həyata keçirilməsi, Donbasda "mülki əhaliyə qarşı qanlı cinayətlərə" cavabdeh olan bütün hərbi cinayətkarların məsuliyyətə cəlb edilməsi planlaşdırılır.
Rusiya Federasiyasının Müdafiə Nazirliyinin məlumatına görə, Silahlı Qüvvələr yalnız hərbi infrastruktura və Ukrayna qoşunlarına zərbələr endirir.
Əməliyyatın keçirilməsi qərarı ABŞ və müttəfiqlərinin Rusiyaya qarşı yeni sanksiyalarının səbəbi olub.
Xatırladaq ki, Qərb ölkələri Ukraynadakı vəziyyətlə əlaqədar Rusiyaya qarşı bir neçə dəfə sanksiya paketləri tətbiq edib. Rusiya Prezidenti Vladimir Putin bildirib ki, Rusiyanı cilovlamaq və zəiflətmək siyasəti Qərbin uzunmüddətli strategiyasıdır və sanksiyalar bütün qlobal iqtisadiyyata ciddi zərbə vurub. Onun sözlərinə görə, Qərbin əsas məqsədi milyonlarla insanın həyatını pisləşdirməkdir. O əlavə edib ki, cari hadisələr Qərbin həm siyasətdə, həm də iqtisadiyyatda qlobal hökmranlığının altından xətt çəkir. Prezidentin sözlərinə görə, Rusiya təcrid olunmaq niyyətində deyil, onu müasir dünyada sərt şəkildə təcrid etmək olmaz.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.